BAKIDA BEYNƏLXALQ “GUAM-TRANZİT” KONFRANSI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Xarici İşlər və Nəqliyyat nazirliklərinin birgə təşkilatçılığı ilə aprelin 29-30-da Bakıda beynəlxalq “GUAM-Tranzit” konfransı keçiriləcəkdir.
Əraziləri təbii dəhliz olan üzv dövlətlərin coğrafi mövqeyi nəzərə alınmaqla, GUAM regionunun beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiyası Avropa və Asiyanın yaxınlaşmasında, mədəniyyətlərarası mübadilənin inkişafında, ölkələr və xalqlar arasında ticarət dövriyyəsinin artmasında, normal dialoqa əngəl törədən maneələrin aradan qaldırılmasında mühüm rol oynaya bilər.
GUAM ölkələri bu məsələlərin həlli üçün səyləri qanunvericiliyin uyğunlaşdırılmasına, ticarət və iqtisadi əlaqələrə əngəl ola biləcək gömrük və sərhəd maneələrinin aradan qaldırılmasına, infrastrukturun inkişafına, nəqliyyat dəhlizlərinin səmərəliliyi və təhlükəsizliyinin təmin edilməsi üçün əməkdaşlığın dərinləşdirilməsinə, terrorizmə, mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə, digər təhlükəli cinayətlərə qarşı birgə mübarizəyə yönəldirlər.
Beynəlxalq konfransa dair Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda GUAM ölkələrinin “GUAM +” formatında ABŞ, Yaponiya, Polşa və digər tərəfdaşlarla keçirdiyi görüşlərin əhəmiyyəti və perspektivliyi qeyd edilir. Bildirilir ki, bu əlaqələrin möhkəmləndirilməsi GUAM nəqliyyat dəhlizinin ticarət-nəqliyyat əməkdaşlığının və infrastruktur şəraitinin yaxşılaşdırılmasında, bu dəhlizin təhlükəsizliyinin təmin olunmasında rolunu artırır.
Konfransın materialları ümumiləşdirilərək tədbirin yekunlarına dair xüsusi nəşr şəklində beynəlxalq səviyyədə yayılacaqdır. GUAM-ın nəqliyyat potensialının inkişafı ilə bağlı təqdim olunmuş layihələrə xüsusi diqqət yetiriləcəkdir.
Yekunda tədbirin gedişində səslənmiş əsas ideya və tövsiyələrin əks olunduğu ümumiləşdirmə hazırlanacaqdır.