Bakıda Dünya Autizm Məlumatlandırma Günü qeyd edilib
Bakı, 2 aprel, Əziz Məmmədov, AZƏRTAC
“Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyi (İB) Dünya Autizm Məlumatlandırma Günü münasibətilə “Autizm xəstəlik deyil, bir fərqlilikdir” mövzusunda tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən İB-in sədri Lamiyə Kərimova, “Autizm və İnkişaf Mərkəzi”nin direktoru Almara Məlikova, Həyat Fondunun rəhbəri Hacı Nuran Hüseynov və başqaları autizmin erkən yaşlarda başlayan, özünü sosial münasibət və ünsiyyət problemlərində göstərən ümumi inkişaf problemi olduğunu bildiriblər. Qeyd edilib ki, autizmin əlamətləri əsasən uşaqların iki yaşı olanda meydana çıxır. Özünəqapanma, real həyatdan uzaqlaşma bu sindromun əsas əlamətləridir. Autizmin təzahür spektri çox geniş olsa da, onun başlıca simptomları ümumi xarakter daşıyır. Bunlar sosial münasibətlərin, nitq və ünsiyyətin, təxəyyülün və s. pozulmasıdır. Bununla yanaşı, autistlər vizual və mətnlə informasiyaları adi insandan bir neçə dəfə tez qavramaq qabiliyyətinə malikdirlər. Müstəsna təfəkkür sayəsində onlar detallara qeyri-adi diqqət yetirmək, fikri fövqəlbəşər dərəcədə cəmləmək, çox böyük informasiya axınını sürətlə süzgəcdən keçirmək xüsusiyyəti ilə fərqlənirlər.
Vurğulanıb ki, autizm sindromlu uşaqlara qulluq edilməsi böyük diqqət və dözüm tələb edir, çünki onların bəziləri həddən artıq fəal, hətta təcavüzkardırlar. Bundan başqa, autizm sindromlu uşaqlar və onların valideynləri müəyyən çətinliklərlə qarşılaşırlar. Belə ki, ümumtəhsil və inklüziv təhsil müəssisələri autist uşaqlara təhsil vermək istəmir, cəmiyyətdə bu sindrom haqqında səhih informasiya var və sairə.
Tədbir iştirakçıları qeyd ediblər ki, bu cür görüşlərin keçirilməsi autist uşaqların həyat şərtlərini yaxşılaşdıra, onların sosial adaptasiya səviyyəsini və cəmiyyətə inteqrasiyasını artıra bilər.
Tədbir çərçivəsində autist uşaqlar üçün sürprizlərlə dolu əyləncəli proqram təşkil edilib.