İDMAN
Bakıda dünya rekordu vuran rusiyalı atletlər Avropa Oyunlarını Olimpiadaya bənzədirlər
![Bakıda dünya rekordu vuran rusiyalı atletlər Avropa Oyunlarını Olimpiadaya bənzədirlər](/files/2015/2/1200x630/14353340991691211463_1200x630.jpg)
Bakı, 26 iyun, AZƏRTAC
Rusiyanın üzgüçülük üzrə yığma komandasının kişi və qadın idmançıları Avropa Oyunlarının daim yadda qalacağını bildiriblər.
AZƏRTAC xəbər verir ki, rusiyalı atletlər Aleksandr Prokofyev və Nikolay Sneqirev çıxışlarının müvəffəqiyyətli olduğunu deyiblər: “Bu, böyük beynəlxalq yarışlarda qazandığımız ilk qızıl medaldır. Bu medal bizim üçün çox əhəmiyyətlidir”.
İdmançılar Bakıda ilk Avropa Oyunlarının təşkilindən də çox razıdırlar: “Belə anlar unudulmur. Burada hər şey əladır. Avropa Oyunları Olimpiadaya bənzəyir. Yarışların təşkili yüksək səviyyədədir”.
Üzgüçü Arina Openışeva Avropa Oyunlarında iştirakının dünya çempionatından öncə yaxşı təcrübə olduğunu qeyd edib: “Şəxsən mən və hamımız yalnız qələbə qazanmağı deyil, həm də rekord vurmağı planlaşdırırdıq. Bu, faktdır ki, qadın komandası təkcə Avropa Oyunlarının çempionu olmadı, eyni zamanda, yeni dünya rekordu vurdu”.
Digər atlet Polina Yeqorova isə yeni dünya rekordu haqda düşünmədiyini, əsas hədəfinin məhz qızıl medal qazanmaq olduğunu bildirib: “Biz sadəcə üzürdük və heç nə planlaşdırmırdıq. Planımız Avropa Oyunlarının qızıl medalını qazanmaq idi”.
Mariya Kameneva və Mariya Astaşkina bildiriblər ki, I Avropa Oyunları onlara növbəti beynəlxalq yarışlara layiqincə hazırlaşmaq imkanı yaradıb: “Yaxşı ki biz Avropa Oyunlarında iştirak etdik. Bu, bizə Kazanda keçiriləcək dünya çempionatında yaxşı nəticələr əldə etməyə kömək edəcək”.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: http://www.vestikavkaza.ru/news/Rossiyskie-plovtsy-chempiony-Evroigr-takie-momenty-ne-zabyvayutsya.html