BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 26-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və Göyçay rayonlarından müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, şənbə günü burada əhaliyə 15,4 ton məhsul, o cümlədən 3 ton ət, 0,25 ton ağartı, 6 ton tərəvəz, 5 ton kartof, 0,1 ton bostan bitkisi, 1 ton meyvə, 5 min ədəd yumurta, 50 kiloqram bal təklif edilmişdir.
Yarmarkada qiymətlər bazardakından 20-25 faiz aşağı olmuşdur. Burada mal ətinin kiloqramı 4 manata, qoyun əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 60-3 manat 80 qəpiyə, kök 40-50, kələm 50, alma 60-1 manat 20 qəpiyə, armud 1 manat-1 manat 50 qəpiyə, kartof 50-60 qəpiyə, bal 9-10 manata, yumurtanın bir ədədi 8 qəpiyə satılmışdır.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Qobustan, Samux, Daşkəsən, Quba və Biləsuvar rayonlarının fermerləri satışa 26 tona yaxın məhsul çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, son günlər metroların çıxışlarında, eləcə də şəhərin küçələrindəki qeyri-qanuni satış mərkəzlərinin yığışdırılması əhalinin yarmarkalara gəlişini artırmşdır. Alıcılara geniş çeşiddə meyvə-tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları, konservlər təklif olunur. Alıcılar məhsulun keyfiyyətindən və bazardakından 25-30 faiz ucuz olan qiymətindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə sakinlərə Cəlilabad rayonundan gətirilmiş 5 tona yaxın məhsul təklif olunmuşdur.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirmişdir ki, rayonun fermerləri satışa, müxtəlif çeşiddə meyvə-tərəvəz və heyvandarlıq məhsulları, o cümlədən 7,6 ton kartof, 1,1 ton kələm, 3,5 ton soğan çıxarmışlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin verdiyi məlumata görə, Qazax və Ağsu rayonlarından yarmarkaya 30 tondan artıq məhsul gətirilmişdir.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada şəhər sakinlərinə bazardakından 40-45 faiz ucuz kənd təsərrüfatı məhsulları satılırdı. Burada süd məhsullarının alıcıları çoxluq təşkil edirdilər.
İşçi qrupunun rəhbəri Sabir Əhədov bildirmişdir ki, Bərdə, Goranboy və ağstafalı fermerlər yarmarkaya 15,5 ton məhsul gətirmişlər.
Metronun “İnşaatçılar” stansiyasının 200 metrliyindəki yarmarkada satışa Qusar, Dəvəçi, Salyan, Oğuz və digər rayonlardan gətirilmiş 43 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları çıxarılmışdı.
Yarmarkada qiymətlər bazardakından 20-25 faiz ucuz idi. Mal ətinin kiloqramı 4 manata, qoyun əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 60-3 manat 80 qəpiyə, kök 40-50, kələm, kartof 50-60 qəpiyə, alma 50 qəpik-1 manat 20 qəpiyə, armud 1 manat-1 manat 50 qəpiyə, bal 9-10 manata, yumurtanın bir ədədi 8-9 qəpiyə satılırdı.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyəti, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada Saatlı, Salyan, Masallı və digər rayonların fermerləri qəsəbə sakinlərinə 8 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulu təklif edirdilər. Alıcılar məhsulların qiymətinin bazardakından 30-40 faiz aşağı olduğunu, yaradılmış şəraitdən razılıqlarını bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirmişdir ki, yarmarkada satışa çıxarılmış məhsulların keyfiyyətinə ciddi nəzarət olunur, fermerlərə lazımi şərait yaradılır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonu, Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada paytaxt sakinlərinə Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz və Qobustan rayonlarından gətirilmiş 52,4 ton məhsul, o cümlədən 1,9 ton ət, 400 kiloqram ağartı, 24 ton tərəvəz, 7 ton kartof, 100 kiloqram konserv məhsulu, 19 ton meyvə, Giləzi, Goradil broyler fabriklərindən isə 10 min ədəd yumurta təklif olunmuşdur.
Yarmarkada göyərtinin dəstəsi 10 qəpiyə, soğanın kiloqramı 20, alma, çuğundur 40, kartof 40-50, kök 50, xiyar 70 qəpiyə, qoz 2 manat 20 qəpiyə, pomidor 1 manat 50 qəpiyə, mal əti 4 manata, qoyun əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 80 qəpiyə, pendir 2 manat 40 qəpiyə, yumurtanın bir ədədi 7 qəpiyə satılırdı.
######
![]() |
![]() |

