MƏDƏNİYYƏT
Bakıda Krım-tatar Akademik Musiqili Dram Teatrı Xalq Yazıçısı Elçinin “Şekspir” əsəri əsasında hazırladığı “Xəstə könül” tamaşasını nümayiş etdirmişdir
Bakı, 20 dekabr (AZƏRTAC). Bakıda qastrol səfərində olan Krım-tatar Akademik Musiqili Dram Teatrının yaradıcı kollektivi dekabrın 20-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq Yazıçısı Elçinin “Şekspir” əsəri əsasında hazırladığı “Xəstə könül” tamaşasını nümayiş etdirmişdir.
AZƏRTAC xəbər verir ki, tamaşanın nümayişindən əvvəl jurnalistlərə müsahibə verən Xalq Yazıçısı Elçin “Şekspir” pyesinin Azərbaycanda ilk dəfə “Üns” Yaradıcılıq Səhnəsində tamaşaya qoyulmasından və qısa zamanda bir sıra xarici ölkə teatrlarının diqqətini cəlb etməsindən danışmışdır.
Bildirmişdir ki, “Şekspir” pyesinə Moskva Dərviş Teatrı, Londonda fəaliyyət göstərən “Avanqard” teatrı, o cümlədən Krım-tatar Akademik Musiqili Dram Teatrı müraciət etmişdir. Bu gün Krım-tatar Akademik Musiqili Dram Teatrının hazırladığı bu səhnə əsəri mənim üçün də olduqca maraqlıdır.
Tamaşanın təqdimat mərasimində çıxış edən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov bildirmişdir ki, rəhbərlik etdiyi teatr hazırda GUAM ölkələrinin teatr əlaqələrini inkişaf etdirmək məqsədi ilə layihə həyata keçirir.
Natiq bildirmişdir ki, hazırda Akademik Milli Dram Teatrında K.Marcinişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının rejissoru və bədii rəhbəri Levan Suladze Maks Frişin “Don Juan və yaxud həndəsəyə məhəbbət” əsəri, Moldovadan Ejen İonesko adına Kişineu teatrının bədii rəhbəri və baş rejissoru Petru Vidkereu Elçinin “Şekspir” əsəri əsasında tamaşa hazırlayırlar. Krım-tatar Akademik Musiqili Dram Teatrının Bakıya qastrol səfəri də bu layihə çərçivəsində həyata keçirilən tədbirlərdəndir. Səfər, həmçinin Azərbaycan-Ukrayna teatr əlaqələrinin mühüm mərhələsi kimi dəyərləndirilə bilər.
İ.İsrafilov demişdir ki, səfər çərçivəsində Krım-tatar Akademik Musiqili Dram Teatrı “Xəstə könül” tamaşasını Qaradağ rayonunda və Sumqayıt şəhərində də nümayiş etdirəcəkdir.
Tədbirdə Ukraynanın Krım Muxtar Respublikasının Ali Şurasının beynəlxalq münasibətlər üzrə daimi komissiyasının sədri Rəmzi İlyasov, Krım-tatar Akademik Musiqili Dram Teatrının bədii rəhbəri və direktoru, Ukraynanın Əməkdar İncəsənət Xadimi Bilal Bilalov, Levan Suladze və Petru Vidkereu çıxış edərək Azərbaycanda son illərdə teatrın inkişafı ilə bağlı görülmüş işləri yüksək qiymətləndirmişlər.
Qonaqlara Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı tərəfindən xatirə hədiyyələri təqdim edilmişdir.
Sonra Krım-tatar Akademik Musiqili Dram Teatrının yaradıcı kollektivi “Xəstə könül” tamaşasını nümayiş etdirmişdir.
Tamaşanın quruluşçu rejissoru və rəssamı Ukraynanın Əməkdar İncəsənət Xadimi Rinat Bektaşevdir. Tamaşada rolları Ukraynanın Əməkdar Artisti Dilavər Səttarov (Sanitar), Krım Muxtar Respublikasının Əməkdar artistləri Eldar Cəlilov (Drob-13), Marlen Osmanov (Marslı), Fatma Asanova-Abdullayeva (Ər-arvad), Əşrəf Yaqyayev (İ.Stalin) və başqaları ifa edirlər.
Tamaşanın ideya xətti belə bir sual üzərində qurulmuşdur: “Kimin mənəvi dünyası daha zəngindir? Ruhi xəstə saydığımız insanların, yoxsa həyatda məhəbbəti, paklığı, saflığı, sədaqəti unudaraq topladıqları maddi sərvəti itirmək qorxusu ilə yaşayanların?!”
Tamaşanın süjeti belədir: ruhi-əsəb klinikasındakı pasiyentlərin hər biri öz xəyal dünyasında yaşayır. Baş həkim xəstələrin xəyali dünyasını dərk etməyə çalışsa da, anlayır ki, buna qadir deyildir. Xəstə kimi müalicə olunan insanlar öz xəyal aləmlərində xoşbəxtdirlər. Xəstələrin ərzaqlarına belə əl uzatmaqdan çəkinməyən xəstəxana personalının hər cür təzyiq göstərdiyi, simasızlaşdırmağa çalışdığı pasiyentləri Şekspirin dühası birləşdirir.
Tamaşa böyük maraqla qarşılanmışdır.