MƏDƏNİYYƏT
Bakıda Rusiya kinosu günləri açılmışdır
Bakı, 2 aprel (AZƏRTAC). Aprelin 2-də “Nizami” Kino Mərkəzində Rusiya kinosu günlərinin açılışı olmuşdur. Tədbir Azərbaycan Mədəniyyət Nazirliyi ilə Rusiya Kinematoqrafiyanın İnkişafına Regional İctimai Yardım Fondu tərəfindən təşkil olunmuşdur.
Fondun sədri Mixail Alekseyev “Nizami” Kino Mərkəzinin açılışı münasibətilə bakılıları təbrik edərək bildirmişdir ki, artıq ənənəyə çevrilmiş Rusiya kinosu günlərinin budəfəki proqramında Rusiya kinorejissorlarının janrca 5 müxtəlif filmi vardır.
O xatırlatmışdır ki, son illər Azərbaycan və Rusiya kinematoqrafçılarının əməkdaşlığı xeyli canlanmışdır, müasir filmlər çəkilir, festivallar keçirilir.
Rusiya kinosu günləri rejissor Mixail Boginin “İngiltərə sahillərində ev” filmi ilə açılmışdır. Filmdə Rusiya kinosunun Lyudmila Çursina, Nina Drobışeva kimi ulduzları çəkilmişdir.
Növbəti günlərdə “Cənab Qolovlyovlar” (rejissor Aleksandra Yerofeyeva), “On qış” (Valerio Myeli), “Qaydasız” (Aleksandra Yerofeyeva) və “İspan” (Aleksandr Tsatsuyev) filmləri göstəriləcəkdir.
Xatırladırıq ki, “Nizami” Kino Mərkəzi ölkənin 1940-cı ildən fəaliyyət göstərən qədim kinoteatrlarından biridir. “2008-2018-ci illərdə Azərbaycan kinosunun inkişafına dair Dövlət Proqramı” çərçivəsində aparılmış yenidənqurma işlərindən sonra keçən il dekabrın 27-də Kino Mərkəzinin təntənəli açılışı olmuşdur.
O, Azərbaycanda və Cənubi Qafqazda ən böyük kinoteatrdır və beynəlxalq kino mərkəzi kimi fəaliyyət göstərir: ona “Nizami” Kino Mərkəzi statusu verilmişdir. Kinoteatrda 50, 80 və 500 nəfərlik 3 zal, 24 nəfərlik VİP-zal, kafe-klub, mətbuat mərkəzi, ləziz Avropa mətbəxi və milli yeməklər təklif edən 250 nəfərlik restoran və s. vardır. Ən böyük zalda eni 18 metr olan ekran quraşdırılmışdır.