MƏDƏNİYYƏT
Bakıda VI Beynəlxalq türk incəsənət sərgisi açılmışdır
Bakı, 1 aprel (AZƏRTAC). Aprelin 1-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (“Miras” MİÖK İB) və Türkiyənin “Akşehir Foto İlgilileri” dərnəyinin birgə təşkilatçılığı ilə VI Beynəlxalq türk incəsənəti sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, Türkiyənin ölkəmizdəki səfirliyi təmsilçilərinin, incəsənət xadimlərinin, məktəblilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirin açılış mərasimində Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək bildirmişdir ki, sərgidə Azərbaycan və Türkiyənin incəsənət xadimlərinin, sənət ustalarının müxtəlif janrlarda dəyərli sənət işləri, xalılar, rəsm əsərləri və s. nümayiş etdirilir.
AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, Qafqaz Universitetinin rektoru Əhməd Sanıç, Türkiyənin Səlcuk Universitetinin professoru, “Akşehir Foto İlgilileri” dərnəyinin sədri Əhməd Aytaç və başqaları çıxış edərək Azərbaycanda ilk dəfə keçirilən tədbirin türk dünyasının birliyi və həmrəyliyi baxımından əhəmiyyətindən danışmışlar. Sərginin sənətsevərlərə hədiyyə, eyni zamanda, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq, mədəniyyət əlaqələrinin bariz nümunəsi olduğu bildirilmişdir.
Sərginin açılış mərasimindən sonra “Türk-islam incəsənəti və memarlığı” mövzusunda seminar da keçirilmişdir. Seminarda “Miras” MİÖK İB-nin sədri, tarix elmləri namizədi Fariz Xəlillinin “Mədəni irsimiz: incəsənət, memarlıq və sənətkarlıq”, Qafqaz Araşdırmalar İnstitutunun direktoru Mehmet Rihtimın “İslam incəsənəti: xəttatlıq, miniatür, təzhib”, “Akşehir Foto İlgililəri” dərnəynin sədri Əhməd Aytacın “Türk incəsənətinin Qərb mədəniyyətinə təsiri”, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı Mir Teymur Məmmədovun “Orta əsr şəhərləri Şərqdə və Qərbdə: tikinti sirləri, əsas inkişaf yolları, şəhər döyüş strategiyası” mövzularında məruzələri dinlənilmişdir.
Bundan əlavə, tədbirdə Milli Azərbaycan Tarixi Muzeyi, “Miras” MİÖK İB-nin və “Aktiv Media” şirkətinin birgə hazırladıqları, türk xalqlarının mənəvi mədəniyyətində axır çərşənbənin rolundan bəhs edən “Axtaçı obası: Tərəkəmə çərşənbəsi” filminin təqdimatı da olmuşdur.
Tədbirdə Türkiyənin Konya şəhərinin “Akşehir Foto İlgililəri” dərnəyinin sədri Əhməd Aytac sərginin təşkilinə yardıma görə “Miras” MİÖK İB-nin sədri Fariz Xəlilliyə və Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıya hədiyyələr təqdim etmişdir.
VI Beynəlxalq türk incəsənəti sərgisi aprelin 3-dək davam edəcəkdir. Sərgidə nümayiş olunan əsərlərin kataloqu Türkiyədə kitab şəklində nəşr olunacaqdır.
######