İQTİSADİYYAT
Bakının Nərimanov rayonunda doqquz ay ərzində 1992 daimi iş yeri açılmışdır
Bakı, 16 oktyabr (AZƏRTAC). Oktyabrın 16-da Nərimanov Rayon İcra Hakimiyyətində 9 ayın sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı A.Fərzəliyev hesabat məruzəsi ilə çıxış etmişdir.
Bildirilmişdir ki, hesabat dövründə rayonda xidmətlər də daxil olmaqla 1 milyard 373,5 milyon manatlıq məhsul istehsal olunmuş, keçən ilin müvafiq dövrünə nisbətən 98,2 faiz artım qeydə alınmışdır.
Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 1992 daimi iş yeri yaradılmışdır.
Ötən dövr ərzində bütün mənbələr hesabına əsas kapitala 89,8 milyon manatlıq investisiya qoyulmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 3,1 dəfə çoxdur.
Hər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunmuş, rayon sakinlərinə doqquz ay ərzində 3 min tona yaxın kənd təsərrüfatı məhsulları satılmışdır.
Bakı şəhəri üzrə nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq Nərimanov rayonunun əhalisinin elektrik enerjisi, qaz, istilik, içməli su təminatı ilə bağlı tədbirlər həyata keçirilmiş və bu işlər uğurla davam etdirilir. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində Nərimanov rayonu üzrə 2012-ci il üçün 31 tədbir nəzərdə tutulmuşdur. Bu tədbirlərdən 15-i icra olunmuş, 12-si icra olunur.
Ötən dövr ərzində Xətai, Azadlıq prospektləri, H.Əliyev, Ə.Əliyev, Ə.Rəcəbli küçələrinin yenidən qurulması işləri başa çatdırılmışdır.
Koroğlu Rəhimov, Ə.Əbdürrəhimov küçələrində istismar müddətini keçmiş, Şəhərin ümumi görkəminə xələl gətirən yararsız hala düşmüş yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində müvafiq tədbirlər görülür və bu işlər davam etdirilir. Sökülməsi nəzərdə tutulmuş binalarda yaşayan sakinlər üçün həmin əraziyə yaxın yerdə yeni, müasir, milli memarlıq üslubunda, tam təmirli, yaraşıqlı binalar inşa edilmişdir.
Ötən dövr ərzində məcburi köçkün ailələrinin sosial durumunun yaxşılaşdırılması və yaranan problemlərinin aradan qaldırılması istiqamətində bir sıra işlər görülmüşdür.
Nərimanov rayonundakı 22 orta məktəbdə 22 min 214 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 2292 müəllim məşğul olur. Təhsilin keyfiyyətinin artırılması, təhsil müəssisələrində şəraitin yaxşılaşdırılması üçün “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində rayonda böyük yenidənqurma işləri görülür.
Rayonumuzun ərazisində fəaliyyət göstərən 28 məktəbəqədər uşaq müəssisəsindən bir neçəsi əsaslı təmir olunmuşdur. Yeni bağçaların, əlavə korpusların inşasına ehtiyac vardır. Bununla bağlı müvafiq dövlət orqanlarına təkliflərlə müraciət ediləcəkdir.
Səhiyyə sahəsində əldə edilmiş nailiyyətlər və bu sahədə çalışan işçilərin xidmətləri də həmişə olduğu kimi diqqətdən kənarda qalmamışdır.
Əhalinin sosial-müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində Respublika Prezidentinin fərman, sərəncam və tapşırıqlarını rəhbər tutaraq rayonun xidmət sahələri və idarələri tərəfindən ardıcıl tədbirlər həyata keçirilmişdir. Doqquz ay ərzində Məşğulluq Mərkəzinə 1185 işaxtaran vətəndaş müraciət etmişdir ki, onlardan da 726-sı iş yerləri ilə təmin olunmuşdur.
İclasda fəaliyyət dövründə ortaya çıxan nöqsanlar barədə də danışılmış, onların həlli istiqamətində müvafiq göstərişlər verilmişdir.
Sonda rayonun təhsil, səhiyyə müəssisələrində, həmçinin dövlət qulluğunda fərqlənmiş şəxslərə hədiyyələr təqdim olunmuşdur. Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələr də diqqətdən kənarda qalmamış, onlar üçün İcra Hakimiyyəti tərəfindən bir illik təqaüd təsis olunmuşdur.