İQTİSADİYYAT
“Baku Business Factory” ilə Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi əməkdaşlığın perspektivlərini müzakirə edib
Tbilisi, 11 yanvar, AZƏRTAC
Gürcüstanda səfərdə olan “Baku Business Factory”nin (BBF) nümayəndələri yanvarın 11-də Tbilisidə Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyinin rəhbər şəxsləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, BBF-nin İdarə Heyətinin üzvü Anar Əskərov görüşdə Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyinin direktoru George Zviadadze və agentliyin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Maryam Laşxi və digər şəxslərə BBF-nin fəaliyyəti, həyata keçirilən layihələrə göstərilən dəstək imkanları, mentorluq, layihələrə investisiyaların cəlb edilməsi və digər məsələlərlə bağlı ətraflı məlumat verib.
Görüşdə BBF-lə Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi arasında qarşılıqlı əməkdaşlıq, Azərbaycan startaplarının Gürcüstanda, Gürcüstan startaplarının Azərbaycanda təcrübə mübadiləsi keçmələri istiqamətində müzakirələr aparılıb.
Söhbət zamanı Bakıda BBF-lə Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanması barədə ilkin razılıq əldə olunub.
Qeyd edək ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-nin əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.
Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi 2014-cü ildə yaradılıb. Agentliyin əsas məqsədləri Gürcüstanda innovativ ekosistemin yaradılması, bir sıra sahələrdə innovasiya və texnologiyalardan istifadənin stimullaşdırılması, innovativ sahibkarlığın kommersiyalaşdırılması, IT və innovativ startaplara dəstək vermək və sairdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi