İDMAN
“Baku Cup-2014” Beynəlxalq tennis turnirində cütlüklərin yarışında finalçı məlum olub
Bakı, 26 iyul (AZƏRTAC). İyulun 26-da “Baku Cup 2014” Beynəlxalq turnirində cütlüklər arasında yarımfinal matçında rumıniyalı Raluka Olaru ilə israilli Şayar Peyerin komandası Françeska Skyavone (İtaliya) -Ştefani Föqele (İsveçrə) cütlüyü ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, fərdi yarışlarda da gərgin yarımfinal matçları oynayan S.Föqele-Ş.Skyavone cütlüyü bu qarşılaşmaya olduqca yorğun çıxıb.
Buna baxmayaraq birinci setə yaxşı başlayan F.Skyavone- Ş.Föqele dueti hesabda 2:0 önə keçib. Amma bundan sonra F.Skyavonenin ayağındakı ağrılar daha da gücləndiyindən cütlük ardıcıl xallar itirməyə başlayıb. Üstünlüyü əldən verən F.Skyavone- Ş.Föqele cütlüyü hesabda 3:4 geri düşüb. Bu zaman F.Skyaveno həkim yardımına ehtiyac duyub. Ona tibbi müdaxilə edilsə də, ağrılar çox olduğu üçün oyunu davam etdirə bilməyib.
Beləliklə, matç Ş.Peyer- R.Olaru cütlüyü hesabda 4:3 öndə olduğu zaman yarımçıq dayandırılıb və bu cütlük finala vəsiqə qazanıb.
Onların çempionluq yolundakı son rəqibləri Aleksandra Panova (Rusiya)- Xiter Uatson (Böyük Britaniya) cütlüyü olacaq.
İyulun 27-də keçiriləcək final matçının qalibi 280 reytinq xalı və 12 min 300 ABŞ dolları qazanacaq.