İDMAN
Baku Fires mövsümdə ilk dəfə məğlubiyyətə uğramışdır
Bakı, 3 mart (AZƏRTAC). Hindistanın Mumbay şəhərində “Venky’s Mumbai Fighters” və “Baku Fires” komandaları arasında Ümumdünya Boks Seriyasının (WSB) dörddə bir finalının ilk qarşılaşması keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, 2:3 hesabı ilə məğlub olan Azərbaycan komandası mövsümdə ilk məğlubiyyətinə uğrasa da, yarımfinala yüksəlmək üçün şanslarını saxlamışdır. Bunun üçün martın 10-da Bakıda keçiriləcək cavab matçında 4:1 hesabı ilə qalib gəlmək lazımdır. “Baku Fires” 3:2 hesabı ilə qalib gəldiyi təqdirdə isə, əlavə döyüş təyin olunacaqdır. Püşkatmaya əsasən, bu döyüşdə 85 kq-dək çəki kateqoriyasında olan boksçular qarşılaşacaqlar.
Hindistan matçına qayıdaraq qeyd edək ki, əvvəlki görüşlərindən fərqli olaraq, burada döyüşlər artan çəki kateqoriyası üzrə deyil, qarışıq aparılmışdır.
İlk olaraq rinqə Nikolay Veselov (73 kq) və Tomaş Yablonski çıxmışdır. “Baku Fires”in belaruslu legioneri polyak rəqibindən üstün olmuşdur. Veselov üçün bu üç matçda üçüncü qələbədir.
Təəssüf ki, ikinci boksçumuz Vətən Hüseynli (85 kq) məğlub olmuşdur. Bu dəfə o ukraynalı Sergey Melnikə uduzmuşdur.
Qaribek Qermaxanov (54 kq) isə öz qələbə seriyasını davam etdirir. O, kifayət qədər təcrübəli rəqiblə - Asiya çempionatının mükafatçısı, 2008-ci il Olimpiadasının dörddə bir finalçısı Citender Kumarla qarşılaşmışdır. Döyüş dördüncü raundda, hesab Qermaxanovun xeyrinə olan zaman saxlanılmışdır.
Semen Qrivaçev (61 kq) filippinli Çarli Suaresə məğlub olduqdan sonra qarşılaşmada hesab bərabərləşmişdir “Venky’s Mumbai Fighters”-in Hacı Murtuzəliyevə (91 kq-da yuxarı) qalib gəlmiş yeni zelandiyalı boksçusu matçda son nöqtəni qoymuşdur.