REGİONLAR
Balakən rayonunda heyvandarlıq məhsullarının istehsalı artmışdır
Balakən, 28 yanvar (AZƏRTAC). Balakən rayonunun heyvandarları 2011-ci ili yüksək göstəricilərlə başa vurmuşlar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, keçən il rayonda heyvandarlıq sahəsindən 21,9 milyon manatlıq gəlir əldə edilmişdir. Bu, 2010-cu ilin göstəricisi ilə müqayisədə 2 milyon manat çoxdur.
Ötən il rayonun təsərrüfatlarında mal-qaranın sayı əvvəlki ilə nisbətən 342 baş artaraq 38 min 57 başa, davarın sayı isə 577 baş artaraq 35 min 631 başa çatmışdır. İl ərzində rayonda 4.654 ton ət, 15 min 656 ton süd, 8 milyon 344 min yumurta, 68,8 ton yun, 30 ton bal istehsal olunmuşdur. Əvvəlki illə müqayisədə ət istehsalı 10 ton, süd istehsalı 31 ton, yumurta istehsalı 24 min ədəd, yun istehsalı 1,6 ton, bal istehsalı 2 ton artmışdır.
Heyvandarlığın inkişaf etdirilməsi istiqamətində lazımi tədbirlər görülmüş, Katex kəndində yeni yaradılmış fermaya xarici ölkələrdən 418 baş ətlik qaramal gətirilmiş, eyni zamanda, təsərrüfatlarda damazlıq işinə diqqət artırılmışdır. Heyvandarlığın yem bazasını möhkəmləndirmək məqsədi ilə il ərzində “Azəryemsənaye” MMC-də 1.100 ton qüvvəli yem istehsal olunaraq fermerlərə satılmışdır.