CƏMİYYƏT
Balakən rayonunda Mazımçay üzərində yeni körpü istifadəyə verilmişdir
Balakən, 1 aprel (AZƏRTAC). Rayonun Şərif kəndini iki hissəyə bölən Mazımçay üzərində daxili imkanlar hesabına yeni körpü tikilib istifadəyə verilmişdir. Tikintisinə 2010-cu ildə başlanılan körpünün uzunluğu 14, eni isə 6 metrdir. Körpünü mərkəzi yolla birləşdirən 450 metrlik yola asfalt örtüyü də döşənmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Şərif kəndində keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmiş, əhalinin sosial problemlərinin həllinin dövlətin daim diqqət mərkəzində olduğunu vurğulamışdır. Bildirilmişdir ki, son illər rayonun sosial-iqtisadi həyatında baş verən böyük dəyişikliklər, aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, istifadəyə verilən yeni sosial obyektlər Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, o cümlədən Balakən rayonuna böyük diqqət və qayğısının məntiqi nəticəsidir. Bir neçə ay əvvəl bu kənddə 3,5 kilometr uzunluğunda asfalt yolun da istifadəyə verildiyini xatırladan icra hakimiyyətinin başçısı kənd əhalisinin sosial problemlərinin həlli istiqamətində tədbirlərin bundan sonra da ardıcıl davam etdiriləcəyini söyləmişdir.
Mərasimdə kənd ağsaqqalı Ömər Tinayev çıxış edərək, əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə balakənlilər adından dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.
Rəmzi qırmızı lent kəsildikdən sonra körpüdən ilk olaraq içərisində bəylə gəlinin olduğu toy faytonu keçmişdir.
######