CƏMİYYƏT
BALAKƏNDƏ BEYNƏLXALQ AİLƏ GÜNÜ QEYD OLUNMUŞDUR
Balakən, 14 may (AZƏRTAC). 15 may - Beynəlxalq Ailə Günü Balakən rayonunda silsilə tədbirlərlə qeyd olunmuşdur.
Tədbirlər planına uyğun olaraq, rayonun Kortala, Mahamalar, Qaysa, Qazma kənd orta məktəblərində “Ailə və məktəb arasında əlaqə”, “Uşaqların maraq və hüquqlarının qorunması”, “Müəllim və uşaqlar arsında əlaqə” və “Valideynlərin uşaqlarla davranışı” mövzularında “dəyirmi masa”lar keçirilmişdir.
Bundan əlavə, məktəbəqədər uşaqlar arasında “Qoy həmişə günəş olsun” mövzusunda asfalt üzərində rəsm müsabiqəsi, habelə uşaq yaradıcılıq mərkəzi və rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə “Mənim ailəm” mövzusunda fotomüsabiqə təşkil olunmuşdur. Sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə rayon səhiyyə şöbəsi tərəfindən təhsil müəssisələrində “Öz sağlamlığından muğayat ol” devizi altında seminarlar keçirilmişdir.
Əlamətdar gün münasibətilə mayın 14-də rayonda Qaysa kənd sakinləri, 50 il birgə ömür sürən, 7 övlad, 19 nəvə və 2 nəticəsi olan İsrafil və Ayişə Anarəcəbovlar üçün “Qızıl toy” mərasimi təşkil olunmuşdur.
Tədbirin sonunda səbəbkarlara rayon İcra hakimiyyəti və kənd icra nümayəndəliyi tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.
Rayonda keçirilən kulinariya, əl işləri və digər müsabiqələrin qalibi olmuş Azad və Fatma Dibirovaların ailəsi mayın 15-də Qax rayonunda keçiriləcək Ailə bayramında iştirak etmək hüququ qazanmışlar.