İQTİSADİYYAT
Balakəndə “Bolluq bayramı” keçiriləcəkdir
Balakən, 30 oktyabr (AZƏRTAC). Noyabrın 2-də Balakən şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında “Bolluq bayramı” keçiriləcəkdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, artıq ikinci dəfədir qeyd olunacaq bu bayramın məqsədi son illər rayonun iqtisadiyyatında baş verən müsbət dəyişiklikləri, inkişafı, xüsusilə aqrar sahədə qazanılan uğurları bir daha təbliğ və nümayiş etdirmək, məhsul istehsalçılarını daha böyük qələbələrə, nailiyyətlərə ruhlandırmaqdır.
Bayram iştirakçıları və qonaqlar parkda açılacaq kənd təsərrüfatı məhsullarının sərgiləri ilə tanış olacaqlar. Onlar Balakən mətbəxinə aid milli yeməklərə, təamlara qonaq olacaq, sənətkarların əl işlərindən ibarət sərgilərə baxacaq, pəhləvanların çıxışlarını izləyəcəklər.
Sərgilərdə rayonun müəssisələrində istehsal olunan ərzaq və kənd təsərrüfatı məhsulları, çörək və un məmulatları, arıçılıq, tərəvəz məhsulları, habelə rayon üçün xarakterik olan meyvələr və digər məhsullar nümayiş etdiriləcəkdir.
Bayram tədbiri paytaxtdan gəlmiş tanınmış ifaçıların maraqlı konsert proqramı ilə başa çatacaqdır.