SİYASƏT
BAMF ilə İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 1 may, AZƏRTAC
Mayın 1-də Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu BAMF-ın prezidenti Umud Mirzəyev və Cenevrə Mərkəzinin icraçı direktoru səfir İdris Cəzairi imzalayıblar.
Umud Mirzəyev deyib ki, bu memorandum hər iki təşkilatın bir-birinin təcrübəsindən, imkanlarından faydalanaraq gələcəkdə vacib tədbirlər həyata keçirməsinə imkan yaradır. Cenevrə Mərkəzi insan hüquqları sahəsində dünyanın ən aparıcı qurumlarından biridir. Biz bu təşkilatla insan hüquqları, dinlərarası, sivilizasiyalararası dialoq sahələrində əməkdaşlıq edəcəyik. Gələcəkdə, həmçinin birgə təlimlərin keçirilməsini, birgə bəyanatların verilməsini, ayrı-ayrı regionlarda, o cümlədən BMT auditoriyasında müxtəlif tədbirlərin təşkilini planlaşdırırıq. BAMF və Cenevrə Mərkəzi arasındakı əməkdaşlıq bəşəriyyəti narahat edən bir sıra problemlərin həllinə də öz töhfəsini verəcək.
İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru səfir İdris Cəzairi rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Mərkəz insan hüquqları ilə bağlı müzakirələrin daha geniş təşviqi istiqamətində fəaliyyət göstərir. İnsan haqları məsələsi bu gün dünyada kifayət qədər siyasiləşmiş məsələdir. Ona görə də bizim əsas hədəfimiz ikili standartlardan daha çox reallığa əsaslanan, həqiqəti əks etdirən standartların söylənilməsidir.
İdris Cəzairi ümidvar olduğunu bildirib ki, BAMF-la əməkdaşlıq insanları sülhə çağıraraq gələcəkdə qarşılıqlı anlaşmaya nail olmağa stimul verəcək.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai dünyada cərəyan edən proseslər çərçivəsində insan haqlarının təşviq olunması ilə bağlı memorandumun imzalanmasını yüksək qiymətləndirib.
İsveçrənin ölkəmizdəki səfirliyinin nümayəndəsi Simone Haeberli İsveçrənin qədim humanitar ənənəyə sahib olduğunu deyib. Bildirib ki, İsveçrə insan hüquqlarına dəyər verən ölkə kimi hər zaman insan hüquqlarının qorunması, təşviqi sahəsində aparılan bütün təşəbbüslərə dəstək verməyə hazırdır.
Tədbirdə dövlət və hökumət rəsmiləri, müxtəlif ölkələrin səfirliklərinin nümayəndələri, deputatlar, vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.
Sonra tədbir iştirakçıları BAMF-ın “Mənim kəndim, mənim vətənim” layihəsi çərçivəsində keçirilməsi planlaşdırılan sərginin hazırlıq işləri ilə tanış olublar.
Qeyd edək ki, memorandumda tərəflər BMT-nin Cenevrə ofisində insan hüquqlarının və sivilizasiyalararası əməkdaşlığın təşviqi, sülhün möhkəmləndirilməsi ilə əlaqədar mövzularla bağlı panel müzakirələrin keçirilməsi, dünyada sülhün bərqərar olması ilə bağlı qarşılıqlı fəaliyyətlərin dəstəklənməsi, nəşr edilmiş bəyanat və rəylərin hər iki qurumun idarə etdiyi müvafiq kommunikasiya vasitələrində ictimailəşdirilməsi barədə qarşılıqlı razılığa gəliblər. BAMF və Cenevrə Mərkəzi, həmçinin növbəti təlim proqramlarında nəzərə alınacaq mövzuları birgə müəyyən etmək, birgə pres-relizlər yaymaq, təlim modullarının və tədris planlarının inkişafına yardım etmək, təlimçi mühazirəçilərin mübadiləsini asanlaşdırmaq, birgə konsepsiya qeydləri hazırlamaq istiqamətində də anlaşıblar. Memorandumda Yaxın Şərq və Şimali Afrika, Qafqaz və Mərkəzi Asiya ölkələri çərçivəsində sülhün təşviqi və insan haqlarının möhkəmləndirməsi ilə bağlı birgə fəaliyyətlərin görülməsi nəzərdə tutulub. Tərəflər beynəlxalq ekspertlərin bəyanatlarını, məqalələrini, fikirlərini, müsahibələrini və digər müvafiq materiallarını dərc etmək üçün BAMF-ın dəstəyi ilə beş dildə fəaliyyət göstərən “Eurasia Daily” analitik informasiya portalından platforma kimi istifadə etmək barədə qərara gəliblər.