CƏMİYYƏT
Baş Prokurorluğun əməkdaşları məcburi köçkünlərə bayram sovqatı paylamışlar
Bərdə, 13 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Baş Prokurorluğunun kollektivi Qurban bayramı münasibətilə Bərdə rayonunda məskunlaşmış 704 ailədən ibarət 2800 məcburi köçkünə 19 min 600 manatlıq 17.080 kiloqram ərzaq yardımı göstərmişdir.
Baş Prokurorluğun məsul işçiləri və 23 rayon prokurorluğunun əməkdaşı Bərdə şəhərindəki meşəçilik institutu ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşmüş, onların məişət şəraiti və problemləri ilə tanış olmuşlar.
Görüşdə çıxış edən Baş Prokurorun köməkçisi Anar Məmmədov Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli, habelə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin başçısının apardığı siyasət barədə məlumat vermişdir.
Diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən məcburi köçkünlər Prezident İlham Əliyevin işğal edilmiş ərazilərimizin azad edilməsi, ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyətini dəstəklədiklərini bildirmişlər.