SİYASƏT
“Başla-dəyiş-inkişaf et” Beynəlxalq layihəsi yekunlaşmışdır
Bakı, 24 sentyabr (AZƏRTAC). “İrəli” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Avropa İttifaqının Gənclər Fəaliyyətdə Proqramı çərçivəsində həyata keçirilən “Başla-dəyiş-inkişaf et” Beynəlxalq layihəsi yekunlaşmışdır.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM), Azərbaycan Diplomatik Akademiyasında olan layihə iştirakçıları, həmçinin İB-nin və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumun (ASAİF) nümayəndələri ilə görüşmüşlər.
SAM-da olan əcnəbi gənclərə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verilmiş və qarşılıqlı müzakirələr aparılmışdır. Azərbaycan Diplomatik Akademiyasında keçirilən görüşdə ölkəmizdə və xaricdə təhsil diplomatiyası və beynəlxalq əlaqələr haqqında təqdimat keçirilmişdir. Həmçinin İB-nin və ASAIF-in nümayəndələri ilə görüşən layihə iştirakçılarına aparılan uğurlu dövlət gənclər siyasəti, gənclərin fəallığı, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili Dövlət Proqramı ilə bağlı geniş məlumat verilmişdir.
Azərbaycan, Litva, Macarıstan, Moldova, Ukrayna, Malta, Türkiyə, Gürcüstan, Çex Respublikası və Belarusdan olan 30 gənc liderin qatıldığı layihənin əsas məqsədi xarici qonaqları ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlər, respublikamızda aparılan uğurlu dövlət gənclər siyasəti ilə bağlı məlumatlandırmaqdır.