İQTİSADİYYAT
Bayram günlərindən indiyədək “Azəriqaz”a 14 mindən çox müraciət daxil olub
Bakı, 26 mart, AZƏRTAC
Bayram günlərində, yəni martın 19-dan indiyədək “Azəriqaz” İstehsalat Birliyinin (İB) 104/185 Çağrı mərkəzinə 14089 müraciət daxil olub. Bütün müraciətlərin icrası Birlik əməkdaşları tərəfindən təmin edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Birliyin 104 Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası çərçivəsində bildirib. Şöbə rəisinin sözlərinə görə, sayğaclarda yaranan problemə görə regionlardan 741, Bakı şəhərində əvvəlcədən ödənişli (smart-kart tipli) sayğaclara ödənişlərin edilməsi ilə bağlı 2417, sayğaclarda yaranan digər problemlərlə bağlı isə Birliyə 4467 müraciət ünvanlanıb. “Hava şəraitindən asılı olmayaraq, bütün müraciətlərin həlli istiqamətində əməkdaşlarımız üzərlərinə düşən işi layiqincə yerinə yetiriblər”, - deyə o əlavə edib.
Xankəndinə təbii qazın verilməsində yaranan fasilələrin nə dərəcədə doğru olması ilə bağlı sualı cavablandıran Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev sözügedən ərazinin Azərbaycanın əzəli və tarixi ərazisi olduğunu, bütün bölgələrdə olduğu kimi, bu bölgənin də təbii qazla təmin olunmasının vacibliyini bildirib. O, 30 il ərzində ermənilərin qaz təsərrüfatına vurduqları ciddi ziyanı qısa müddət ərzində bərpa etməyin qeyri-mümkün olduğunu qeyd edib. O ərazidə infrastruktur bərbad vəziyyətdədir və “Azəriqaz” İB olaraq həmin vəziyyətin normallaşması istiqamətində addımlar atılır. Ermənilərin dünya ictimaiyyətini bu məsələ yönəltməsində məkrli səbəblərin olduğunu KİV nümayəndələrinin diqqətinə çatdırıb.
Aksiya Birliyin rəsmi feysbuk səhifəsində canlı yayımlandığından vətəndaşların sosial şəbəkə üzərindən ünvanladıqları müraciətlər də qurumun məsul şəxsləri tərəfindən cavablandırılır. Vətəndaşın fərdi yaşayış evləri ilə mənzillərin təbii qaz limitinin nə üçün eyni olması ilə bağlı ünvanladığı sualı Birliyin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev cavablandırıb. Şöbə rəisi təbii qazın limitinin və tarifinin dəyişdirilməsi kimi məsələlərin “Azəriqaz” İB-nin səlahiyyətləri çərçivəsində olmadığını bildirib. O, bina mənzilləri ilə fərdi yaşayış evləri arasında heç bir fərq olmadığını, eyni qaz qurğularından istifadə olunduğunu diqqətə çatdırıb. “Hansısa bir kateqoriyaya bölünməsi məsələsi dünya praktikasında mövcud deyil, təbii qazdan istifadə edən hər bir abonentin istehlak etdiyi təbii qazın həcmi sayğac vasitəsilə ölçülür və həmin həcmə görə təbii qazın dəyəri hesablanır”, - deyə şöbə rəisi bildirib.