CƏMİYYƏT
Bayramla əlaqədar qeyri-iş günlərində təcili tibbi yardım xidmətinə 10 mindən çox müraciət daxil olub
![Bayramla əlaqədar qeyri-iş günlərində təcili tibbi yardım xidmətinə 10 mindən çox müraciət daxil olub](/files/2024/2/1200x630/17188854796302947636_1200x630.jpg)
Bakı, 20 iyun, AZƏRTAC
Bayram günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində xidmət göstərib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 15-dən 19-dək təcili tibbi yardım xidmətinə edilən ümumi çağırışların sayı 10 min 325 olub. Onlardan 1092 nəfər hospitalizasiya olunub.
Çağırışların sayı ən çox iyunun 17-də (çağırış sayı 2 min 130, hospitalizasiya olunanların sayı 238 nəfər) qeydə alınıb.
Çağırışlar əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və digərləri ilə bağlı olub.