CƏMİYYƏT
Baytarlıq sahəsində xidmətlərə görə tutulan dövlət rüsumlarının məbləğlərində dəyişikliklər edilib
Bakı, 8 aprel, AZƏRTAC
2021-ci il dekabrın 3-də “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanuna əsasən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən baytarlıq sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının məbləğlərində bir sıra dəyişikliklər edilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, heyvanlar kəsilərkən müayinələrin aparılmasında heç də həmişə laboratoriya analizlərinə ehtiyac olmur. Məhsulun təhlükəsizliyi ilə əlaqədar şübhəli hal meydana gələrsə, laboratoriya analizlərinin aparılmasına zərurət yarandıqda bunun üçün həmin rüsumlardan başqa, əlavə xidmət haqqı ödənişləri tələb oluna bilər.
Heyvan və heyvandarlıq məhsullarının müvafiq normalara cavab verməsini müəyyənləşdirmək məqsədilə aparılan baytarlıq nəzarəti tədbirlərinə görə ödənilən dövlət rüsumlarının məbləğində isə heç bir dəyişiklik edilməyib. Əlavə olaraq, kəsilən quşların müayinəsi üçün hər quşa görə rüsum 5 qəpikdən 2 qəpiyə endirilib.
Qeyd edək ki, dövlət rüsumlarının məbləğlərində edilən dəyişikliklər 2022-ci il yanvarın 1-dən qüvvədədir.