ELM VƏ TƏHSİL
BDU-da “Tədris proqramlarının keyfiyyətinin təminatı üzrə sənədləşmə - DOQUP” layihəsinin növbəti seminarı keçirilmişdir
Bakı, 15 dekabr (AZƏRTAC). Bakı Dövlət Universitetində (BDU) İtaliyanın Genoa Universitetinin koordinatorluq etdiyi “Tədris proqramlarının keyfiyyətinin təminatı üzrə sənədləşmə - DOQUP” layihəsinin növbəti seminarı keçirilmişdir.
Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, BDU-nun tədris və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyevanın, digər ali məktəblərin prorektorlarının, mütəxəssislərin iştirak etdikləri seminarda tərəfdaş ölkələrdə tədris proqramlarının keyfiyyətinin təminatının onlayn sənədləşmə sisteminin təyin edilməsi və yerinə yetirilməsi, tədris proqramlarının keyfiyyətinin təmin edilməsinin standartları, bu məqsədlə eyniləşdirilmiş məlumatların təyin edilməsi, toplanması, hazırlanması və təqdim edilməsi metodologiyası və üsulları müzakirə olunmuşdur.
Bakı Dövlət Universiteti “DOQUP” layihəsində 2011-ci il noyabrın 15-dən etibarən 3 illik müddətdə iştirak edir.
Layihənin başlıca məramı Bolonya prosesinə qoşulmaqla təhsil sistemində keyfiyyət proqramlarının şəffaflığının və həm tələbələr, həm də tədris işçiləri üçün yüksək səviyyənin təmin olunması mexanizmlərinin işlənməsidir.