İDMAN
Toğrul Əsgərov: Güləşçilərimiz Bakıda daha çox medal qazana bilərdilər
Bakı, 27 may, AZƏRTAC
“Yarış Azərbaycanda keçirildiyi üçün daha ciddi və məsuliyyətli hazırlaşmışdıq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın güləşçilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Toğrul Əsgərov yığmanın Bakıda keçirilmiş U-23 Avropa çempionatındakı çıxışını dəyərləndirərkən deyib.
Olimpiya çempionu bildirib ki, yarışda medalların sayı daha çox ola bilərdi: “Sadəcə, qızlar müəyyən epizodlarda kiçik səhvlər etdilər. Gələcək görüşlərdə bunu təkrarlamayacağıq. Nəzərə alaq ki, turnirdə “Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış, böyüklər arasında Avropa və dünya çempionu olmuş idmançılar da var idi. Ancaq buna baxmayaraq, qızlar yaxşı mübarizə apardılar. Sonda da komanda tarixində ilk dəfə olaraq bu yaş kateqoriyasında üçüncü yeri tutduq. Vətənimizdə himnimizin səsləndirilməsi qürurverici idi”.
Onun sözlərinə görə, 17 yaşlı Ruzanna Məmmədovanın yarışda bürünc medal qazanması təəccüblü deyil: “Düzünü desəm, onun çempion olacağına inanırdım. Böyüklər arasında Avropa mükafatçısı olan rəqibinə 1 xal fərqlə məğlub oldu. İnanıram ki, Ruzanna yarışdan-yarışa öz təcrübəsini artıracaq və daha böyük uğurlar əldə edəcək. Çünki yüksək nəticələr qazanması üçün çox yaxşı potensialı var”.
Olimpiya çempionu yunan-Roma və sərbəst güləş üzrə yığmaların komanda hesabında birinci yeri tutmasına da münasibət bildirib: “Hazırda hər iki millidə çox güclü məşqçilər və gələcəyi parlaq olan gənc idmançılar var. Onların yarışlarını canlı olaraq izləyirdim. Çox böyük əzmkarlıq göstərdilər. Çempionluq münasibətilə yığma komandaları təbrik edirəm”.
Qeyd edək ki, Avropa çempionatında bir dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal qazanan qadınlardan ibarət yığma 76 xal toplayaraq ilk dəfə komanda hesabında U-23 Avropa çempionatında üçüncü olub.