ELM VƏ TƏHSİL
BDU-nun professoru beynəlxalq tədbirdə Xəzər dənizinin sahil ərazilərinin idarə olunmasına dair məruzə edib
Bakı, 28 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin iqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov “Xəzər dənizinin ekoloji həssaslığına dair xəritənin tərtibi” mövzusunda beynəlxalq onlayn dəyirmi masada iştirak edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin təşkilatçılığı ilə “Xəzər dənizi Xabı” (Caspian SDG Hub) razılaşması çərçivəsində keçirilən tədbirdə Qazaxıstan, Azərbaycan və Rusiya universitetlərinin alimləri və mütəxəssisləri iştirak ediblər.
Dəyirmi masada Atırau Neft və Qaz Universitetinin rektoru, professor Gulzadə Şakulikova bu istiqamətdə aparılan tədqiqatların və ölkələrarası elm və təhsildə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edib.
Professor Çingiz İsmayılov “Xəzər dənizinin sahil ərazilərinin idarə edilməsində birgə proqramların hazırlanmasının vacibliyi” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında sahil ərazilərin dənizin ekoloji vəziyyətini daha aydın göstərdiyini, dənizin çirklənməsi nəticəsində sahil ərazilərdə fauna və floranın daha çox deqradasiyaya məruz qaldığını vurğulayıb. Eyni zamanda, sahilin quru hissəsində infrastruktur şəbəkəsinin, istirahət mərkəzlərinin, liman təsərrüfatının və şəhərlərin inkişafının sahil zonalarda ekoloji gərginliyin artmasına səbəb olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, onların inkişafının idarə edilməsi üçün sahil ərazilərin kompleks inkişaf proqramları hazırlanmalıdır. Bu sahədə ümumi metodologiya, standartlar və indikatorların müəyyən edilməsi böyük əhəmiyyət daşıyır. Bununla əlaqədar Xəzəryanı ölkələr arasında elmi əməkdaşlıqların artırılması və birgə layihələrin yerinə yetirilməsi dəniz akvatoriyası və sahil ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
Dəyirmi masa mövzu ətrafında müzakirələrin aparılması ilə başa çatıb.