SİYASƏT
Belarus Respublikası Baş nazirinin birinci müavini Vladimir Semaşko Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etmişdir
Bakı, 13 noyabr (AZƏRTAC). Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikası Baş nazirinin birinci müavini Vladimir Semaşko noyabrın 13-də Fəxri Xiyabana getmiş, orada xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, onun məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilmiş, onun məzarı önünə tər çiçəklər qoyulmuşdur.
AZƏRTAC xəbər verir ki, qonaqlar daha sonra Şəhidlər Xiyabanına getmiş, Azərbaycanın azadlığı və suverenliyi naminə canlarından keçmiş vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” memorialının önünə əklil qoymuşlar.
Bakının ən uca nöqtəsindən Azərbaycan paytaxtının panoramını seyr edən qonaqlara Şəhidlər Xiyabanının tarixi və şəhərdə aparılan quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.