SİYASƏT
Belarusun paytaxtında müasir çağırışlara və təhlükəsizlik üçün təhdidlərə qarşı mübarizə sahəsində beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir
Minsk, 6 noyabr (AZƏRTAC). Noyabrın 27-28-də MDB İcraiyyə Komitəsində “Müasir çağırışlara və təhlükəsizlik üçün təhdidlərə qarşı mübarizə sahəsində MDB-nin iştirakçısı olan dövlətlərin səlahiyyətli orqanlarının və xüsusi idarələrinin əməkdaşlığının təkmilləşdirilməsi” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcəkdir. Bu barədə AZƏRTAC-a təşkilatın Minskdəki iqamətgahının mətbuat xidmətindən bildirmişlər.
Konfransda əməkdaşlığın aktual problemlərini və perspektivlərini müzakirə etmək, habelə beynəlxalq terrorizmə, narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və mütəşəkkil cinayətkarlığın digər ən təhlükəli növlərinə qarşı mübarizə sahəsində üzv dövlətlərin səlahiyyətli orqanlarının və Birlik orqanlarının birgə fəaliyyəti təcrübəsini mübadilə etmək planlaşdırılır.
Konfransın işində MDB iştirakçısı olan dövlətlərin səlahiyyətli və digər əlaqədar orqanlarının, elmi və tədris müəssisələrinin, Birlik orqanlarının və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı gözlənilir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk