DÜNYA
Belçika zooparkında fil balası dünyaya gəlib
Berlin, 10 iyun, AZƏRTAC
Belçikanın Brüqlet şəhərindəki (Eno əyaləti) “Pairi Daiza” zooparkı fil balasının dünyaya gəldiyini elan edib. O, Farina adlı 16 yaşlı filin dördüncü balasıdır. Farina əvvəlki üç balasını Almaniyanın Hannover şəhərindəki zooparkda dünyaya gətirib. İndi isə belçikalıları sevindirib.
Hind fili Asiya fillərinin üç tipindən biridir. O, afrikalı həmcinsindən kiçikdir və adətən təqribən 5 ton çəkisi olur. Hind filinin dişisi erkəyindən kiçikdir, xilləsi isə ya qısa, ya da yoxdur. Bir o qədər də iri olmayan qulaqları onu fərqləndirən əsas cəhətidir.
Hind fili məskunlaşma mühitini itirdiyinə, ətraf mühitin və vəhşi heyvan populyasiyalarının azalmasına görə 1986-cı ildən nəsli kəsilməkdə olan heyvanlar siyahısına salınıb. Artıq Pakistan ərazisində onun nəsli kəsilib, lakin Hindistan, Myanma, Tailand və Malayziyada populyasiyası hələ də qalır.
Farinanın balası bu il “Pairi Daiza” zooparkında dünyaya gəlmiş ikinci fil balasıdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin