MƏDƏNİYYƏT
Belçikada “Eurovision-2014” mahnı müsabiqəsi üçün milli seçim planı hazırlanmışdır
Bakı, 24 avqust (AZƏRTAC). Belçikanın İctimai Radio və Televiziya Yayımı (Flemish broadcaster VRT/Eén) “Eurovision-2014” mahnı müsabiqəsi üçün böyük mili seçim planı hazırlamışdır.
“Eurovision” mahnı müsabiqəsinin rəsmi saytından AZƏRTAC-a bildirmişlər ki, milli seçimdə iştirak arzusunda olanlar müsabiqəyə öz kliplərini təqdim etməlidirlər. Bu kliplərdə “Eurovision” yarışmasında indiyədək ifa edilmiş mahnılar milli seçimə qatılmaq istəyənlərin öz versiyalarında olmalıdır. Məsələn, məşhur “Euphoria”nın akustik versiyasını, yaxud “Waterloo” mahnısının rok versiyasını və s. təqdim etmək olar. “Eurovision” mahnı müsabiqəsinin 58 illik tarixindən istənilən mahnını seçmək mümkündür. Lakin həmin mahnılara yaradıcı yanaşılmalıdır. Mahnılar orijinalda olduğu kimi ifa edilməməlidir.
Namizədlər fərdi və qrup halında iştirak edə bilərlər.
Belçika İctimai Radio və Televiziya Yayımı milli seçim üçüm mahnı ilə bağlı da elan vermişdir. Bəstəkarların və mahnı müəlliflərinin Belçikadan cəlb edilməsi vacib deyildir.