DÜNYA
Berlin Brüsselin enerji strategiyasını qismən dəstəkləyib
Berlin, 4 yanvar, AZƏRTAC
Avropa Komissiyası təbii qazı tam “yaşıl” energetika yolunda keçid texnologiyası qismində müəyyən edib.
AZƏRTAC xəbər verir ki, dekabr ayında keçirilən koalisiya məsləhətləşmələrinin gedişində iqlim dəyişmələrinə qarşı mübarizəni prioritet məsələ kimi müəyyən edən AFR hökuməti bu gün Brüsselin verdiyi qərarı alqışlayıb. Federal hökumətin dəftərxanası bəyan edib ki, nüvə enerjisindən istifadədən qismən imtina və elektrik enerjisinin kömürlə istehsalı fonunda təbii qaz istixana qazları tullantılarının neytrallaşdırılması yolunda əsas aralıq texnologiyadır. Dəftərxananın mətbuat üçün məlumatında deyilir: “Bu səbəbdən Avropa İttifaqı Komissiyasının enerji mənbələrinin sabitliyi təsnifatı üzrə qərarını alqışlamaq lazımdır”.
Lakin sənəddə, eyni zamanda vurğulanır ki, Berlinin atom enerjisinə münasibəti dəyişilməyib. Hökumət əvvəlki kimi hesab edir ki, enerjinin bu növü sabit enerji kimi təsnif edilə bilməz.
“Süddeutsche Zeitung” qəzeti yazır ki, keçid texnologiyası qismində Almaniyaya müasir qaz elektrik stansiyaları lazımdır, çünki ölkə kömürdən və nüvə enerjisindən imtina edir. Nəticədə bu sistemləri hidrogenlə istifadə etmək olar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin