SİYASƏT
Berlində “Almaniyada Xocalı Günləri” açılmışdır
Berlin, 24 fevral (AZƏRTAC). Berlində Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş “Almaniyada Xocalı Günləri” başlanmışdır. Dörd gün davam edəcək tədbir Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi ilə birlikdə, “Avroqafqaz” cəmiyyəti, Avropa Məsələləri İnstitutu, Almaniya-Azərbaycan Forumu, Almaniya azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi, “Bakı-Berlin” qalereyasının dəstəyi ilə təşkil etmişdir. Layihə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində keçirilir.
Tədbir iştirakçıları Berlindəki Qotfrid Benn adına kitabxananın bağçasında Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, önünə əklillər qoymuş, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra Berlinin mərkəzindəki qədim “Palais am Festugsgraben” binasında “Almaniyada Xocalı Günləri”nin açılışı olmuşdur. Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazov erməni hərbçilərinin 20 il əvvəl mühasirəyə alınmış Azərbaycan şəhəri Xocalıda ətraf mühitdən təcrid olunmuş köməksiz dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən danışmış, Azərbaycan dövlətinin bu dəhşətli akta verdiyi siyasi qiymət barədə məlumat vermişdir.
Qonaqlar “Xocalı” sənədli filminə baxmışlar. AFR-in keçmiş dövlət katibi, Almaniya-Azərbaycan Forumunun sədri Otto Hauzer, “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin üzvü, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Avropa Məsələləri İnstitutunun nümayəndəsi, Şverin şəhərinin keçmiş meri Yoxannes Kvaşik çıxış etmişlər.
Həmyerlimiz, pianoçu Elnarə İsmayılova Listin və Qara Qarayevin əsərlərini ifa etmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin