DÜNYA
Berlindəki hökumət məhəlləsi polisin mühasirəsindən çıxıb
![Berlindəki hökumət məhəlləsi polisin mühasirəsindən çıxıb](/files/2020/1/1200x630/15796073533251944657_1200x630.jpg)
Brüssel, 21 yanvar, AZƏRTAC
Son iki gündə Almaniya paytaxtının hökumət məhəlləsində çox maraqlı vəziyyət yaranmışdı. Hərçənd, bu müddət polis üçün çox gərgin olub. Məsələ ondadır ki, burada Liviyaya dair beynəlxalq konfrans keçirilirdi. Konfrans son üç ildə dünyanın böyük dövlətlərinin Almaniyada toplaşdığı ən iri siyasi forum oldu. Xatırladaq ki, sonuncu dəfə buna oxşar təhlükəsizlik tədbirləri 2017-ci ilin yayında “Böyük iyirmilik” liderlərinin görüşü günlərində tətbiq edilmişdi.
AZƏRTAC xəbər verir ki, budəfəki görüşün polisdən ötrü çox gərgin keçməsinə səbəb hazırlıq müddətinin çox qısa olması idi - konfransa gələn liderlərin təhlükəsizliyinin yüksək dərəcədə təmin edilməsi üçün cəmi dörd gün vaxt vardı. Məsələ burasındadır ki, federal kansler əlaqədar tərəflərin Berlinə dəvət olunmasını yanvarın 14-də elan edib və nəticədə hüquq mühafizəçiləri az qala şok vəziyyətinə düşüblər.
Konfransın keçirildiyi rayonda təhlükəsizliyin lazımi səviyyədə olması üçün 4500 asayiş keşikçisi dörd gün gözlərini yummayıb. Onların üçdəbir hissəsi Berlinə ölkənin digər regionlarından gətirilmişdi. AZƏRTAC-ın xüsusi müxbiri bu polisləri yaxınlıqdakı evlərin damlarında, yol ayrıclarında, metro stansiyalarında görüb (axı hansısa cinayətkar “suyu bulandırmaq” istəyə bilər). Çayda polis katerləri, havada isə helikopterlər görünürdü.
Nəhayət, indi polislər nəfəslərini dərə bilər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel