İDMAN
Berti Foqts: Futbolçulardan meydanda əzmkar mübarizə aparmağı tələb edirəm
Bakı, 1 aprel (AZƏRTAC). Belçika millisinə qarşı keçirdiyimiz oyunda müdafiədə səhvlərin təkrarlanmasını görmək məni təəssüfləndirir. Almaniya və Avstriya yığmaları ilə oyunda olduğu kimi, səhvlər ardıcıl təkrarlanır və əlavə vaxtda qol buraxırıq.
AZƏRTAC xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts AFFA-nın rəsmi saytına verdiyi müsahibəsində bildirmişdir. Baş məşqçi demişdir ki, milli komandada oynamaq şərəfdir. Mən müdafiəyə meylli futbol oynatmıram, bu, mənim üslubum deyil, beynəlxalq oyunlarda rəqib səhvləri bağışlamır. Biz çox səhv buraxırıq. Futbolçular hələ də Türkiyə yığması üzərində qələbə barədə düşünürlər. Təəssüf ki, həmin qələbə xeyirdən çox zərər gətirdi. Bu qələbədən sonra futbolçular həmin oyundakı kimi mübarizə aparmırlar. Məni təəssüfləndirən odur ki, Vaqif Cavadov zəif oyunundan nəticə çıxarmır. Qarşıdakı altı oyunda komandanın başqa simasını görmək istəyirəm. Buna görə də oyunçulara fərqli münasibət olacaq. Məsələn, taktiki tapşırıqları yerinə yetirməyən futbolçular cəzalandırılacaqlar. Onlar öz ölkələrinin millisində çıxış etdikləri üçün minnətdar olmalıdırlar. Mən futbolçulardan meydanda əzmkar mübarizə aparmağı tələb edirəm.