REGİONLAR
Beyləqan: səyyar qəbulda Örənqala və Günəşli qəsəbələrinin sakinlərinin müraciətləri dinlənilib
Beyləqan, 12 mart, AZƏRTAC
Beyləqan rayonunda əhalinin problemlərinin öyrənilməsi və yerində həlli məqsədilə səyyar qəbul-görüşlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin, sakinlərin, şəhid ailələrinin, qazilərin iştirakı ilə növbəti görüşlər Örənqala və Günəşli qəsəbələrində keçirilib. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən işğal altında olan torpaqlarımızın azad edilməsindən, Vətən müharibəsində şəhid olmuş, yaralanmış şəxslərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-abadlıq işlərindən, əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlərdən danışıb, son illər rayonun sosial-iqtisadi inkişafı, aparılan tikinti-abadlıq işləri barədə məlumat verib.
Görüşdə vətəndaşlar əsasən əkin torpağı ilə təminat, suvarma sahəsində çətinliklər, məşğulluq, maddi köməkliklə bağlı müraciətlər ediblər. Sakinlərin qaldırdığı məsələlərin həlli istiqamətində aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.