İQTİSADİYYAT
Beyləqanda əsas kapitala yönəldilən investisiyalar 42,5 milyon manata çatıb
Beyləqan, 16 iyul (AZƏRTAC, Tahir Ağaməmmədov). Beyləqan şəhərindəki mədəniyyət evində rayon üzrə cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edildi.
AZƏRTAC xəbər verir ki, məruzə və çıxışlarda ilin altı ayında Beyləqan rayonunda sosial-iqtisadi inkişafın artan templə davam etdiyi bildirildi. Qeyd edildi ki, bu dövrdə ümumi məhsul buraxılışı artaraq 120 milyon manata, əsas kapitala yönəldilən investisiyalar 42,5 milyon manata çatıb.
Hesabat dövründə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin, maliyyə idarəsinin, polis şöbəsinin inzibati binaları, 55 yerlik uşaq bağçası istifadəyə verilib, mərkəzi stadionda yenidənqurma, 80 yerlik uşaq bağçasında tikinti işləri başa çatdırılıb.
Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli 6 mərtəbəli binanın, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı idarəsinin inzibati binasının, toxum müfəttişliyi və aqrokimya laboratoriyasının, Birinci Aşıqlı, Haramı və İmamverdililər kənd məktəblərinin tikintisi, şəhər 2 nömrəli, Bünyadlı və İkinci Şahsevən kənd məktəblərinin əsaslı təmiri, Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulması işləri davam etdirilib.
Toplantıda təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində həyata keçirilmiş tədbirlərdən, aqrar sahədə əldə olunan uğurlardan da bəhs edildi, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində xeyli iş görüldüyü bildirildi.
Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalandı, onların həlli üçün təkliflər irəli sürüldü, qarşıda duran vəzifələrdən danışıldı. Bildirildi ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Beyləqan rayonu üzrə kənd təsərrüfatının və sənayenin inkişafı, ekologiya və təbii sərvətlərdən səmərəli istifadə edilməsi, nəqliyyat-yol infrastrukturunun, elektrik enerjisinin, istilik və qaz təchizatının, su təsərrüfatı və kanalizasiya sistemləri xidmətlərinin yaxşılaşdırılması, aqrar sektorun, meliorasiya-irriqasiya və digər infrastrukturun təminatı, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin inkişafı və yeniləşməsi kimi həlli vacib olan tədbirlər nəzərdə tutulub.
Tədbirdə belə bir inam ifadə olunub ki, beyləqanlılar Dövlət Proqramının uğurla həyata keçirilməsi üçün bütün qüvvələrini səfərbər edəcək, rayonun və ölkəmizin çiçəklənməsi naminə əllərindən gələni əsirgəməyəcəklər.