İQTİSADİYYAT
Beyləqanda “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilmişdir
Beyləqan, 17 yanvar (AZƏRTAC). Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda 2014-cü ilin ilk tədbirini yanvarın 17-də Beyləqan rayonunda keçirmişdir.
AZƏRTAC xəbər verir ki, 80-ə yaxın sahibkarın iştirakı ilə keçirilmiş tədbirdə rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış, Fond tərəfindən Beyləqan rayonun iqtisadi potensialına uyğun olaraq 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatının, o cümlədən maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan iri taxılçılıq, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunmuşdur.
Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Telman Məstanov, nazirliyin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Aran regional bölməsinin müdir müavini İlham Qəribov çıxış edərək həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini bildirmiş, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Beyləqan rayonunda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişlər.
SKMF-nin icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti və ötən il verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə danışmışdır. Bildirilmişdir ki, 2013-cü ildə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 4500 investisiya layihəsinin maliyyələşdirilməsinə 275 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 12 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ötən il Aran iqtisadi rayonu üzrə 2000-ə yaxın sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 68,5 milyon manat güzəştli kredit ayrılmışdır. 2014-cü ildə ətlik və südlük istiqamətli cins iri buynuzlu heyvandarlıq komplekslərinin, müasir quşçuluq təsərrüfatlarının, sənaye müəssisələrinin, logistika mərkəzlərinin, meyvə-tərəvəz məhsullarının emalı müəssisələrinin, iri taxılçılıq və ya toxumçuluq təsərrüfatlarının, müasir istixana komplekslərinin, intensiv üzümçülük təsərrüfatlarının və üzüm emalı müəssisələrinin, müasir çörək istehsalı müəssisələrinin yaradılması güzəştli kreditlərin yönəldiləcəyi prioritet sahələr olacaqdır.
Tədbirdə müvəkkil kredit təşkilatları vasitəsilə Beyləqan və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 377 min manat güzəştli kreditn verilməsi qərara alınmışdır. Bu layihələrin reallaşdırılması 60-dan çox yeni iş yerinin yaradılmasına imkan verəcəkdir.
Tədbir çərçivəsində Beyləqanda tutumu 6,5 min ton olan soyuducu anbar kompleksinə baxış keçirilmişdir.