Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının konfransı keçirilib
Bakı, 23 sentyabr, AZƏRTAC
Portuqaliyanın Porto şəhərində Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının 23-cü Konfransı və Baş Assambleyası keçirilib.
Dövlət Gömrük Xidmətindən AZƏRTAC-a bildirilib ki, hər iki tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktoru, gömrük xidməti general-mayoru Qambay Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Q.Əliyev bildirib ki, Portuqaliyaya səfər Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyası (IACM) və Portuqaliya Nəqliyyat və Rabitə Muzeyinin dəvəti ilə baş tutub. Builki konfrans “Xüsusi tədbirlər zamanı qonaqları cəlb etmək üçün biz nə edirik?” mövzusuna həsr olunub. Konfrans zamanı nümayəndə heyətimiz tərəfindən “Azərbaycan Gömrük Xidmətinin muzeyləri: iştirakçıların sayının artırılması və muzeylərin işinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar” adlı qısa film nümayiş etdirilib. Filmdə Azərbaycan gömrük muzeylərinin fəaliyyəti, onların işinin optimallaşdırılması məqsədilə ən qabaqcıl informasiya texnologiyalarının tətbiqi, həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Gömrük Tarixi Muzeyinin bir sıra ölkələrdə və müxtəlif nüfuzlu beynəlxalq tədbirlər çərçivəsində təşkil etdiyi sərgi və digər mədəni tədbirlər öz əksini tapıb.
Konfrans iştirakçılarına Gömrük Tarixi Muzeyinin fəaliyyəti, kolleksiyaları, eksponatları, eləcə də təşkil etdiyi tədbir və sərgilər barədə məlumatların əks olunduğu broşürlar təqdim olunub. Belə ki, bu broşürlar həm də insanların muzeyə dəvət olunması üçün hazırlanmış yeni layihədir. Tədbir iştirakçılarına 2014-cü ilin may ayından indiyədək olan dövr ərzində muzeyin fəaliyyəti, iştirak və təşkil etdiyi tədbirlər barədə geniş məlumatı əks etdirən hesabat xarakterli ayrıca broşürlar da paylanıb.
Bununla yanaşı, Azərbaycan Miniatür Kitab Muzeyi haqqında broşürlar da iştirakçılara təqdim olunub. Məlumat verilib ki, əsası 2002-ci ildə Bakıda qoyulmuş bu muzeydə dünyanın 60-dan çox ölkəsində nəşr olunmuş 5000-dən artıq miniatür kitab nümayiş etdirilir. Muzeyin yaradıcısı Zərifə Salahova 2913 nadir kitab kolleksiyasına görə Ginnesin Dünya Rekordları sertifikatına malikdir.
Konfrans iştirakçılarının diqqətinə dahi Azərbaycan şairi Nizami Gəncəvinin qəhrəmanlarının surətlərinin Azərbaycan və Şərq xalçalarında əks olunduğu miniatür kitablar da çatdırılıb. Daha sonra Azərbaycan Xalça Muzeyinin hazırladığı, üzərində “Bakı-2015” Avropa Oyunlarının simvolu olan kiçik xalçalar və 10000-dən artıq xalçadan ibarət kolleksiyaya sahib Azərbaycan Xalça Muzeyi barədə broşürlar tədbir iştirakçılarına paylanıb.
Bundan başqa, Azərbaycan nümayəndə heyəti tərəfindən Por-tuqaliya Nəqliyyat və Rabitə Muzeyinə xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, müstəqil Azərbaycanın rifahı və tərəqqisi, xalqın gələcəyi naminə gördüyü işlər barədə kitab hədiyyə edilib. Eləcə də muzeyin böyük bir hissəsinin kitabxana kimi fəaliyyət göstərdiyi nəzərə alınaraq, Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti və musiqisi haqqında bir sıra nəşrlər bu mədəni-maarif müəssisəsinə təqdim olunub.
Portuqaliya Nəqliyyat və Rabitə Muzeyinə təqdim olunan daha bir hədiyyə isə tanınmış Azərbaycan rəssamı Sabir Çopuroğlunun rəsm əsəri olub. Neftdən istifadə olunmaqla əllə çəkilən bu əsərdə Porto şəhərindəki Douro çayının sahilində yerləşən, hazırda konfrans və muzey mərkəzi kimi fəaliyyət göstərən Porto gömrüyünün tarixi binası əks edilib. Əsərin təqdimatı zamanı müəllifin yaradıcılığı barədə də ətraflı məlumat verilib.
Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının 23-cü konfransı Portuqaliya Nəqliyyat və Rabitə Muzeyində keçirilib. Konfrans zamanı muzeyin ən baxımlı yerində qoyulan Azərbaycan gömrük əməkdaşının xüsusi forması geyindirilmiş maneken tədbir iştirakçılarının marağına səbəb olub. Bu maneken 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyi adından Portuqaliya Nəqliyyat və Rabitə Muzeyinə hədiyyə edilib.