BEYNƏLXALQ KONFRANSDA KİYEV BƏYANNAMƏSİ QƏBUL EDİLMİŞDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Kiyev şəhərində Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkil təsisatının Dünya İnsan Hüquqları Bəyannaməsinin 60 illik yubileyi və Ukrayna Ombudsman İnstitutunun yaradılmasının 10-cu ildönümü münasibətilə keçirdiyi beynəlxalq konfransda iştirak etmişdir.
“İnsan hüquq və azadlıqları üzrə müasir tələblər” mövzusuna həsr edilmiş tədbirin açılış mərasimində Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı T.Hammerberq və Ukraynanın insan hüquqları üzrə müvəkkili N.İ.Karpaçova çıxış etmişlər.
Beynəlxalq konfransda Fransa, İsveç, İspaniya, Portuqaliya, Polşa, Braziliya, Cənubi Afrika Respublikasının ombudsmanları və digər milli insan hüquqları təsisatlarının nümayəndələri təmsil etdikləri ölkələrdə insan hüquqları sahəsində mövcud problemlər barədə məlumat vermiş, həmkarları ilə təcrübələrini bölüşmüşlər.
E.Süleymanova Azərbaycanın sivil dünyaya inteqrasiyası istiqamətində atılan addımlar barədə danışmış, insan hüquq və azadlıqlarının təmini üzrə görülən işlər, respublikamızda təsdiq olunmuş insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı müvəkkilin fəaliyyəti haqqında məlumat vermişdir.
Konfransın geniş iclaslarında yoxsulluq problemləri, əmək miqrantlarının hüquqları, insan, o cümlədən uşaq alverinə, işgəncələrə, terrorizmə qarşı mübarizə, ekoloji təhlükəsizlik və digər məsələlər müzakirə edilmişdir.
Konfransın yekun iclasında Kiyev Bəyannaməsi qəbul edilmiş, həmin sənəddə müzakirəyə çıxarılmış məsələlərlə bağlı nəticələr öz əksini tapmışdır.
Konfrans günlərində keçirilmiş tədbirdə Ukrayna Prezidenti V.Yuşşenko iştirak etmiş, çıxışında insan hüquqlarının təmin olunması və bu sahədə ombudsmanın rolunu vurğulamışdır.