MƏDƏNİYYƏT
Beynəlxalq Muğam Mərkəzində “Baharın gülüşü” adlı konsert təşkil edilib
Bakı, 29 aprel, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində (BMM) "Baharın gülüşü" adlı konsert keçirilib.
BMM-dən AZƏRTAC-a bildirilib ki, layihənin bədii rəhbəri və müəllifi Əməkdar müəllim, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Gülnarə Adcalovadır. Konsert proqramı müxtəlif janrlara və tarixi dövrlərə aid musiqi nümunələrini özündə əks etdirən geniş və rəngarəng repertuarı əhatə edib.
Tarixi baxış prinsipinə əsaslanan xüsusi konsert sayəsində konsert zamanı tamaşaçılar sanki zaman maşını kimi əsrdən-əsrə hərəkət edərək XVIII əsr klassiklərinin, XIX əsr romantiklərinin qələmə aldığı musiqi əsərlərindən, eləcə də müasirlərimiz, Azərbaycan xalq mahnılarından həzz ala bildilər. Müxtəlif xarakterli və müxtəlif janrlı musiqi üçün xüsusi atmosferin yaradılmasında fərdi seçilmiş işıqlandırma, eləcə də hər bir musiqi əsərini müşayiət edən vizual təsvirlər mühüm rol oynamışdır.
Həmin axşam səhnədə baş qəhrəman Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Xor Kapellasının solisti Anton Fershtandt idi. Vokalçının ifasında V.A.Motsartın “Fiqaronun toyu” operasından Fiqaronun ariyası, P.İ.Çaykovskinin “Qaratoxmaq qadın” operasından Tomskinin mahnısı, A.Darqomıjskinin romansları, Q.Qarayevin “Üç caz pyesi” silsiləsi, həmçinin C.Kern, N.Brodski və E.Preslinin mahnıları səsləndirilib. Bundan əlavə konsertdə A.Ferştandt S.Prokofyevin “Boz paltar” romansını və Sviridovun “Peterburq” silsiləsindən iki romansını - “Peterburq mahnısı”nı və “Uzaqlardan gətirilmiş külək”i ifa edib.
Qeyd edək ki, A.Ferştandt Azərbaycanda bu əsərləri repertuarına daxil edən ilk ifaçıdır. Bir konsert proqramı çərçivəsində belə rəngarəng repertuarla çıxış etmək asan məsələ deyil. Bununla belə, A.Ferştandt hər bir musiqi nömrəsi üçün düzgün vokal və aktyorluq rənglərini seçərək asanlıqla, parlaq və inandırıcı şəkildə bir obrazdan digərinə keçid edə bilirdi.
Sadalanan əsərlərin fortepiano hissəsini respublika və beynəlxalq müsabiqələr laureatları Nərminə İsmayılova, Cəmalə Abdinzadə, Zəhra Cahan Şıxəliyeva, Əzizə Ağazadə və İlqar Əliyev ifa ediblər. Solo fortepiano əsərləri də konsert proqramının mühüm hissəsinə çevrilib. Bakı Musiqi Akademiyasının tələbələri, respublika və beynəlxalq müsabiqələrin laureatları Nərminə İsmayılova, Cəmalə Abdinzadə və Zəhra Cahan Şıxəliyeva A.Skryabin, Q.Qarayev və F.Bədəlbəylinin prelüdlərini ifa ediblər.
Musiqili gecənin sonunda Əməkdar artist, BMA-nın baş müəllimi Naala Baratelianın dirijorluğu ilə beynəlxalq müsabiqələr laureatı “Lumineux” vokal-xor ansamblının çıxışı ilə konsert proqramı daha da zənginləşdirilib.
Parlaq və həyəcanlı musiqili gecə minnətdar tamaşaçıların gurultulu alqışları ilə başa çatıb.