SİYASƏT
BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR BAKININ BİNƏQƏDİ RAYONUNDA SEÇKİ PROSESİNİ MÜŞAHİDƏ ETMİŞLƏR
Bakı, 23 dekabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycanda keçirilən bələdiyyə seçkilərini Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin monitorinq missiyası da müşahidə edir.
Yerli və Regional Hakimiyyətlər Konqresi katibliyinin Kommunikasiya, beynəlxalq əlaqələr və seçki müşahidəsi bölməsinin rəhbəri Renat Ziqmund və nümayəndə heyətinin macarıstanlı üzvü İstvan Borbeli əvvəlcə 8 saylı Binəqədi birinci seçki dairəsinin 1 saylı məntəqəsində seçkilərin gedişini müşahidə etmişlər.
Beynəlxalq müşahidəçilər məntəqədə səsvermə başlamazdan əvvəl görülən hazırlıq işləri ilə tanış olmuşlar. Müşahidələr göstərmişdir ki, məntəqədə heç bir qanun pozuntusu aşkarlanmayıb, bülletenlər, seçki qutusu, eləcə də səsvermə kabinələri seçkiyə hazırdır.
Onlara məlumat verilmişdir ki, 1 saylı seçki məntəqəsində 1039 seçici vardır, 19 bələdiyyə üzvlüyü uğrunda 94 namizəd mübarizə aparır.
Rayonun 30 saylı seçki məntəqəsinə də baş çəkən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin monitorinq missiyasının müşahidəçilərinə məlumat verilmişdir ki, məntəqədə səsvermə hüququna malik 1371 seçici səs verəcəkdir.
Seçki məntəqəsi seçici fəallığı ilə diqqəti cəlb edirdi. Seçki prosesini izləmək üçün məntəqədə veb-kamera da quraşdırılmışdır.
Beynəlxalq müşahidəçilər seçkilərlə bağlı rəylərini dekabrın 24-də keçiriləcək mətbuat konfransında açıqlayacaqlar.