DÜNYA
Beynəlxalq Telekommunikasiya İttifaqı sentyabrda növbəti “Yaşıl standartlar həftəsi”ni keçirəcək
![Beynəlxalq Telekommunikasiya İttifaqı sentyabrda növbəti “Yaşıl standartlar həftəsi”ni keçirəcək](/files/2014/2/1200x630/14091324012122661258_1200x630.jpg)
AZƏRTAC tədbirin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, sayca dördüncü dəfə keçirilən bu tədbirin əsas məqsədi “ağıllı” dayanıqlı şəhərlərin tikintisinə töhfə vermək, elektromaqnit dalğaların insana təsirini öyrənmək, elektron tullantıların idarə edilməsinə kömək etmək, yaşıl texnologiyaların iqtisadiyyatın inkişafında səmərəli istifadə yollarını araşdırmaqdır.
Tədbiri BTİ və Çin hökumətinin İnformasiya Texnologiyaları və Sənaye Nazirliyi yanında Rabitə sahəsində Tədqiqatlar Akademiyası və “Huawei” şirkəti təşkil edəcəklər.
Həftə ərzində yüksək səviyyəli forum, Asiya-Sakit okean regionu üzrə BTİ-nin 5-ci tədqiqat komissiyasının regional qrupunun iclası keçiriləcək.
Tədbirdə üzv ölkələrin hökumət, özəl və qeyri-hökumət təşkilatlarının, standartların hazırlanması üzrə təşkilatların nümayəndələrinin, “ağıllı” evlərin planlaşdırılması üzrə mütəxəssislərin, informasiya-kommunikasiya texnologiyaları, eləcə də ətraf mühit üzrə sahə assosiasiyalarının nümayəndələri iştirak edəcəklər.