ELM VƏ TƏHSİL
Binəqədi rayonunda ötən tədris ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdur
Bakı, 14 sentyabr (AZƏRTAC). Binəqədi rayonunda təhsil işçilərinin 2012/2013-cü dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirilmişdir. Tədbirdə bu il 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan məzunlar rayon icra hakimiyyəti tərəfindən mükafatlandırılmışdır.
Binəqədi Rayon İcra Hakimiyyətindən (RİH) AZƏRTAC-a bildirmişlər ki, tədbirdə RİH-in başçısı Xaləddin İsgəndərov Azərbaycanın son illər təhsil sistemində əldə etdiyi uğurlardan söhbət açmış və bu sahənin inkişafına göstərilən dövlət qayğısından danışmışdır. O, bu siyasətin uğurlu nəticələrinin Binəqədi rayonunda da əksini tapdığını vurğulamışdır.
İlbəil Azərbaycan təhsilinə artan dövlət qayğısı, bu sahədə atılan yeni addımlar bu gün onun inkişafına əlverişli zəmin yaradır. Ən önəmlisi odur ki, millətin gələcəyi olan təhsilin tərəqqisi dövlətimizin başçısının xüsusi diqqət göstərdiyi sahələrdəndir.
Diqqətə çatdırılmışdır ki, ümummilli lider Heydər Əliyev daim elmin, təhsilin inkişafına diqqət və qayğı ilə yanaşmışdır. Ulu Öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra Binəqədi RİH-in başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aqil Eyvazovun 2012/2013-cü dərs ilinin yekunlarına həsr olunmuş hesabat məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, bu il rayonun 32 orta ümumtəhsil məktəbini bitirərək ali məktəblərə sənəd vermiş 2 min 367 məzundan 1.337-si tələbə adını qazanmışdır. Respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olan məzunlardan 190 nəfəri 500-700 arası bal toplamış, 21 məzun isə 650-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərmişdir. Həmçinin, bu məzunların sıralarında dünyanın müxtəlif dövlətlərinin nüfuzlu ali təhsil müəssisələrinə daxil olanlar da vardır.
Qeyd edilmişdir ki, keçən tədris ilində “Ən yaxşı ümumtəhsil müəssisəsi” və “Ən yaxşı müəllim” müsabiqələrində Bakı şəhəri üzrə qalib olan 19 məktəbdən 1-i, 37 müəllimdən isə 7-si Binəqədi rayonunun payına düşmüşdür.
Konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Hüseyn Əsgərov qarşıdan gələn Bilik günü münasibətilə tələbə adını qazanmış məzunları və rayonun pedaqoji kollektivini təbrik etmiş, yeni tədris ilində onlara uğurlar arzulamışdır. O, ötən dərs ilinin Binəqədi rayonu üçün uğurla nəticələndiyini bildirmişdir.
Sonra “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin qalibləri mükafatlandırılmışlar.
Qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış tələbələrə RİH tərəfindən xatirə hədiyyələri təqdim olunmuşdur.
Sonda bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclər çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.