CƏMİYYƏT
“Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər“ mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edilmişdir
Bakı, 6 noyabr (AZƏRTAC). Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən “Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər“ mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edilmişdir.
KİVDF-dən AZƏRTAC-a bildirmişlər ki, müsabiqə Binəqədi rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq məqsədi ilə keçirilir.
Müsabiqədə ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər iştirak edə bilərlər. Təqdim olunan yazıların sərlövhələri təklif olunmuş mövzularla eyni olmalıdır.
Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc edilməlidir. İnformasiya agentliklərində çalışan jurnalistlərin yazıları isə son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc olunmalıdır. Qəzetdə dərc olunmuş yazıda “Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
Yazılar noyabrın 6-dan dekabrın 16-dək qəbul olunacaqdır. Qiymətləndirmə zamanı mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma, materialın oxucu üçün informasiyalılıq səviyyəsi, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti, eləcə də ictimai maraqların müdafiəsi kimi meyarlar əsas götürüləcəkdir.
Müsabiqənin mükafat məbləği birinci yer üçün 1000 manat, ikinci yer üçün (2 nəfər) 800 manat, üçüncü yer üçün (3 nəfər) 600 manat, həvəsləndirici mükafat isə 200 manat müəyyənləşdirilmişdir.
Qaliblər, həmçinin Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.