CƏMİYYƏT
Bir çantada 600 həb aşkarlanıb
Bakı, 26 avqust (AZƏRTAC). Təbriz-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna daxil olan Rasim Quliyevə məxsus baqaj yoxlanarkən dərman preparatlarının monitordakı təsviri şübhə doğurub. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı həmin yükə təkrar gömrük baxışı keçirib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, R.Quliyevə məxsus çantadan dərman qutularına doldurulmuş 200 yaşıl rəngli, 400 mavi rəngli həb aşkar olunaraq götürülüb.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən, yaşıl rəngli həb - “Clonazepam-Sobhan 1 mq” adlı dərman preparatıdır və təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram, mavi rəngli həb isə “Chlordiazepoxide 5 mq” adlı dərman preparatı olub və təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edir.
Məlumatda, həmçinin bildirilir ki, dərman preparatları “Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III siyahısına daxildir.