CƏMİYYƏT
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin tələbələr üçün təqdimatları davam edir
Bakı, 1 may, AZƏRTAC
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin ali, orta ixtisas və peşə təhsil müəssisələrinin tələbələri üçün təqdimatları davam edir.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, İctimai Birliyin Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə ikinövbəli şəkildə məlumat sessiyaları həyata keçirilib.
Təhsil müəssisələrinin rəhbərliklərinin də iştirak etdiyi təqdimatlarda təşkilata üzv olma prosesi, könüllülük fəaliyyətinin üstünlükləri, gələcək layihələr barədə ətraflı məlumat verilib, həmçinin təqdimatda “kəşf et” və “zövq al” istiqamətləri çərçivəsində tələbələr arasında maraqlı və interaktiv oyunlar keçirilib.
Təqdimatda aparıcı tələbələrin könüllülük fəaliyyəti, onun yaratdığı imkanlar, qazandırdığı təcrübələr barədə sualları cavablandırılıb və bu müddət ərzində onlarla tələbənin könüllü kimi təşkilata üzv olduğu və “BİR” tələbə-könüllülərin sırasına qoşulduğu bildirilib.
Növbəti təqdimatlar mayın 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetində, mayın 6-da isə Xəzər Universitetində keçiriləcək.
Qeyd edək ki, 27 mindən artıq könüllü üzvə malik olan təşkilat 26 ali, 18 orta, 10 peşə təhsil müəssisəsini əhatə edir. Ümumilikdə Bakı, Sumqayıt, Gəncə, Şəki, Masallı, Lənkəran, Quba, Göyçay, Mingəçevir, Şamaxıda keçirilmiş 260-dan çox tədbir təşkil edən “Bir Könüllü” təşkilatı 2021-2022-ci tədris ilində Qarabağ bölgəsində (Şuşa, Ağdam) tədbirlərin təşkilinə və sözügedən regionun yenidən bərpasına dəstək məqsədilə yüzə yaxın tələbə-könüllünü fəaliyyətə cəlb edib.
“BİR” tələbə-könüllü olmaq tələbələrə beynəlxalq və yerli layihələrdə, dövlət tədbirlərində iştirak etməyə, eyni zamanda, tələbəlik həyatını daha rəngarəng və faydalı keçirməyə, şəxsi və peşəkar inkişafı təmin etməyə, karyera imkanlarının genişlədirməyə, eləcə də komanda ruhunu formalaşdıran kollektiv oyunlarda yeni dostlar qazanmağa şərait yaradır.