İDMAN
Birinci Avropa Oyunları Küveyt mətbuatının diqqət mərkəzində
Bakı, 16 iyun, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunları Küveyt mətbuatının diqqət mərkəzindədir.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, ölkənin geniş oxucu kütləsinə malik “Əl-Ray”, “Əl-Ənbə”, “Əl-Qabas”, “Əl-Nahar” qəzetlərində dərc olunmuş məqalələrdə ilk Avropa Oyunlarına hazırlıq işləri, yarışların keçirildiyi idman obyektləri, xüsusilə 68 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionu barədə oxuculara ətraflı məlumat verilir. “Bakı-2015”-in bir çox ölkələrin dövlət və hökumət başçılarının, yüksək vəzifəli şəxslərin iştirak etdikləri möhtəşəm açılış mərasiminin beynəlxalq idman aləmində yeni standartlar təyin etdiyi bildirilir. Birinci Avropa Oyunlarının çoxsaylı idman yarışlarını özündə birləşdirən ilk böyük idman tədbiri olduğu, yarışlarda 6000-dən artıq atletin iştirak etdiyi diqqətə çatdırılır.
Məqalələrdə, həmçinin ilk Avropa Oyunlarının açılış mərasimində iştirak edən Küveyt Dövlətinin informasiya naziri, gənclərlə iş üzrə dövlət naziri, hakim Əl-Sabah ailəsinin ən nüfuzlu nümayəndələrindən biri Şeyx Salman Sabah Səlim Əl-Həmmud Əl-Sabahın Azərbaycan haqqında müsahibələri dərc olunub. Müsahibələrdə Küveyt rəsmisinin Azərbaycanın beynəlxalq nüfuzu, siyasi, iqtisadi, sosial, idman və digər sahələrdə əldə etdiyi nailiyyətlər barədə danışılır, həmçinin iki ölkə arasında münasibətlərin səviyyəsi yüksək qiymətləndirilir.