İQTİSADİYYAT
Birinci yarımildə Azərkosmos 13,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib
Bakı, 1 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında Azərkosmos tərəfindən dünyanın 34 ölkəsinə 13,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayına istinadla bildirir ki, Azərkosmosun xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizidir. İyunda isə Azərkosmos dünyanın 32 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Altı ay ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 3,3 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,8 milyon ABŞ dolları ilə Fransa, 2,2 milyon ABŞ dolları ilə Lüksemburq, 1,2 milyon ABŞ dolları ilə BƏƏ və 0,7 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.