DÜNYA
Biryaşlı körpə qonur ilanın başını dişləyib qoparmışdır
Bakı, 27 yanvar (AZƏRTAC). İsrailin Şfaram şəhərciyinin biryaşlı sakini İmad Qadir qonur ilanın başını dişləyib qoparmışdır. Hadisənin şahidi əlində süd fincanı otağa daxil olan anası olmuşdur. İmad ziyan çəkməmişdir. Buna baxmayaraq, onu dərhal xəstəxanaya aparmışlar.
Uşağın babası bildirmişdir ki, gecəni valideynlərinin yanında yatan İmad sübh tezdən öz otağına gəlmiş və burada 35 santimetr uzunluğunda qonur ilanla rastlaşmışdır. İlandan əsla qorxmayan uşaq onu valideynlərinin növbəti hədiyyəsi sanmışdır. Əlinə keçəni ağzına aparan bütün uşaqlar kimi ilanı tutub ağzına qoymuş və bərk-bərk dişləmişdir. Anası yarıyadək çeynənmiş ilanı onun ağzından zorla çıxarmışdır. İmad hətta sevimli oyuncağından ayrılmaq istəməyən uşaq kimi ağlamışdır.
Hadisə yerinə gələn peşəkar ilantutan Eli Koen etiraf etmişdir ki, belə hadisə onun praktikasında ilk dəfədir. Onun sözlərinə görə, ilan təxminən üç yaşında olmuşdur. Qonur ilanın zəhəri insan üçün təhlükəli deyildir, hərçənd sancdığı yer müəyyən müddət ağrıyır. Bu ilanlar adətən öz qurbanlarını boğaraq öldürürlər. Xoşbəxtlikdən uşağın rastına kiçik ilan çıxmışdır, irisindən çətin ki canını qurtara bilərdi.