MƏDƏNİYYƏT
Bölgələrdə teatrların işi yenidən qurulur
Bakı, 12 aprel (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə bölgələrdə teatrların işi yenidən qurulur.
AZƏRTAC xəbər verir ki, bu barədə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev jurnalistlərə müsahibəsində məlumat vermişdir. Bildirmişdir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Dövlət Akademik Mili Dram, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla və Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrları əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Digər teatrlarda təmir işləri görülür. Teatrlar yenidən qurulur, bölgələrdə köhnə binalar bərpa edilir.
Nazir müavini əlavə etmişdir ki, teatrların repertuarında və proqramlarında ciddi islahatlar aparılır. Eyni zamanda, teatrlarda çalışan gənclər xaricdə ixtisasartırma kurslarına göndərilir, onlara xarici ölkə teatrlarının təcrübəsindən istifadə etmək imkanı yaradılır.