ELM VƏ TƏHSİL
Bolqarıstanın Varna Texniki Universitetinin rektoru Azərbaycan Texniki Universitetində olmuşdur
Bakı, 11 aprel (AZƏRTAC). Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Havar Məmmədov Bolqarıstan Respublikası Varna Texniki Universitetinin rektoru, professor Ovida Farhinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AzTU-dan AZƏRTAC-a bildirmişlər ki, professor H.Məmmədov rəhbərlik etdiyi ali təhsil müəssisənin fəaliyyəti, qazandığı uğurlar, beynəlxalq əlaqələri barədə qonaqlara ətraflı məlumat vermişdir.
Görüşdə iki universitet arasında mövcud əməkdaşlığın genişləndirilməsi və bunun əsasında birgə layihələrdə iştirak etmək, tələbə-müəllim mübadiləsi, elmi konfransların birgə keçirilməsi və bir sıra digər məsələlərin müzakirəsi aparılmışdır.
Sonda bolqarıstanlı qonaqlar universitetin binasını gəzmiş, buradakı Heydər Əliyev Mərkəzi, laboratoriyalar və yeni tədris mərkəzləri ilə yaxından tanış olmuşlar.