MƏDƏNİYYƏT
Boris Berezovski: Bu musiqi bayramı uzun illər davam edəcək və dünyanın diqqətini hər il Qəbələyə yönəldəcəkdir
Qəbələ, 10 avqust (AZƏRTAC). Gözəl məkan, gözəl insanlar və əla musiqi. Növbəti dəfə belə bir tədbirdə iştirakımdan çox məmnunam. Artıq tarixə çevrilmiş Qəbələ festivalı ilə bağlı təəssüratlarımız bitib tükənməzdir. İndiyədək görülmüş işlər festivalın gələcək inkişafına yönəlmişdir. Mən ümid edirəm ki, bu musiqi bayramı hələ uzun illər davam edəcək və dünyanın diqqətini hər il Qəbələyə yönəldəcəkdir.
Bu fikirləri Qəbələ III Beynəlxalq Musiqi Festivalının iştirakçısı, dünya şöhrətli rusiyalı pianoçu Boris Berezovski AZƏRTAC-a müsahibəsində söyləmişdir.
“Mən ikinci dəfədir ki, Azərbaycanın bu böyük musiqi bayramında iştirak edirəm. Bu bayram özündə dünyanın hər yerindən görkəmli musiqiçiləri birləşdirir. Festivalın proqramı olduqca zəngindir. Musiqi bayramının davam etdiyi 20 gündə yerli və xarici tamaşaçılar həm pianoçuların II Beynəlxalq müsabiqəsindən, həm konsertlərdən, həm də ustad dərslərindən böyük zövq aldılar. Mən burada iki dəfə konsert verdim. İstirahət etmək üçün bura gələn insanlar səsləndirdiyim musiqi əsərlərini böyük maraqla dinləyirdilər. Bu, mənim üçün böyük xoşbəxtlikdir”.